AZ

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Karakasdakı Rusiya səfirliyinin əməkdaşlarının ailə üzvlərinin Venesueladan təxliyəsi ətrafında qeyri-müəyyənlik davam edir. “Assoşeyted Press”in Avropa kəşfiyyatının adı açıqlanmayan rəsmisinə istinadən yaydığı məlumatı Rusiya Xarici İşlər Nazirliyi qeyri-müəyyən şəkildə təkzib edib. Belə ki, Rusiya XİN-in Teleqram hesabından yayılan məlumatda bu ifadələr yer alıb: “Ayıq olun. Qərbin təxribatlarına boyun əyməyin!” Rusiya XİN-in açıqlaması rusiyalı diplomatların ailələrinin Venesueladan təxliyə edilib-edilmədiyinə dəqiq şəkildə aydınlıq gətirilmir.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

O qeyd edib ki, bu, Rusiyanın öz simasını qorumaq cəhdindən başqa bir şey deyil:

“Eyni fikiri Çin Xarici İşlər Nazirliyinin Venesuela ətrafında baş verənlərlə bağlı yaydığı bəyanat haqqında da demək olar. İranın bombalanması zamanı olduğu kimi, indi də Rusiya və Çin səsli-küylü bəyanatlarla simalarını qorumağı düşünürlər. İran Prezidenti Məsud Pezeşkianın Rusiya və Çini nəzərərdə tutaraq, ABŞ və İsrailin hərbi müdaxiləsi zamanı dost ölkələrdən kömək görmədiklərini çox açıq şəkildə ifadə etməsi də göstərir ki, Moskva və Pekinin simalarını qoruması mümkünsüz hala gəlir.

İran və Venesuela ətrafında proseslər bütün ölkələrə bir mesaj verir: Birqütblü dünya düzəni daha da güclənir. 24 fevral 2022-ci ildən əvvəlki dövrlə müqayisədə indi Rusiyanın və Çinin mövqeyi ABŞ üçün əhəmiyyətini itirib. 24 fevral 2022-ci ildən əvvəl İranın bombalanması, Venesuelanın mühasirəyə alınması təsəvvür belə edilmirdi. İndi isə İsrail Rusiya və Çinin strateji tərəfdaşı İranı çox arxayın şəkildə bombalaya bilir. ABŞ-ın ekstravaqant prezidenti olan Donald Tramp Venesuelanın faktiki dövlət başçısının başına 50 milyon dollar mükafat təyin edə, Venesuelanı mühasirəyə ala bilir. Yaxın saatlarda və yaxud yaxın günlərdə ABŞ Venesuelaya hərbi müdaxilə etmək qərarı versə, Rusiya və Çinin nə düşündüyünə əhəmiyyət belə verməyəcək. Rusiya və Çinin etirazları da bəyanatlardan uzağa getməyəcək.

Bütün bunlar ABŞ-ın tək hakim olduğu birqütblü dünya düzənini daha da gücləndirdiyini göstərir”.

Ekspert xatırladıb ki, Putin 24 fevral 2022-ci ildə Ukraynaya qarşı cinayətkar müharibəyə başlarkən birqütblü dünya düzənini dağıdaraq, iki və ya çoxqütblü dünya düzəni formalaşdırmağı hədəfləmişdi:

“Lakin qəhrəman Ukrayna xalqı Putinin bu arzusunu gözündə qoymağı bacardı. Ukraynaya qarşı 46 aydır davam edən cinayətkar müharibənin qlobal dünya üçün ilk nəticəsi ondan ibarətdir ki, ABŞ-ın tək hakim olduğu birqütblü dünya düzəni daha da güclənib. ABŞ prezidenti bir sərəncamı ilə enerji superdövləti olan Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etmək qüdrəti qazanıb. Rusiya Cənubi Qafqaz və Yaxın Şərqdən qovulur, dənizlərdəki donanmalarını qoruması hər ötən gün daha da çətinləşir. Ukrayna bir gün də olsa ara vermədən Rusiyanın strateji obyektlərini bombalayır. Elə bir vəziyyət yaranıb ki, Rusiya yüksək çinli generallarını paytaxt Moskvada belə qoruya bilmir. Bütün bunları 24 fevral 2022-ci ildən öncə təsəvvür etmək belə mümkün deyildi. İndi isə günün hadisəsi olmaqdan da çıxaraq statistikaya çevrilib. Bütün bu qeydlər birqütblü dünya düzənin daha da gücləndiyini təsdiq edən dəlillərin yalnız cüzi bir hissəsidir.

Donald Tramp və tərəfdarlarının birqütblü dünya düzənindən imtina etmək cəhdləri belə reallığı dəyişmir. Belə görünür ki, ən azı bu əsrin sonuna kimi ABŞ-ın tək hakim olduğu birqütblü dünya düzəni davam edəcək”./axar.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr