AZ

Sanksiyalar, radikallar və xarici şəbəkələr: İranda kimlər rejim dəyişikliyi istəyir? – ÖZƏL

"İran dövləti uzun illərdir ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalar altındadır. Bu sanksiyalar İranın iqtisadi inkişafına ciddi zərbə vurmaqla yanaşı, siyasi sahədə də ölkəni təzyiq altında saxlayır. Nəticədə İran beynəlxalq müstəvidə təcrid olunur, ölkə daxilində isə sosial vəziyyət getdikcə gərginləşir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, İranın hazırkı prezidenti mövcud reallıqları nəzərə alan siyasət yürüdür və İranla Qərb arasında mövcud problemlərin dialoq yolu ilə həllində maraqlıdır. O, xüsusilə seçki kampaniyası dövründə İran xalqı qarşısında açıq şəkildə bəyan edib ki, ölkə Qərblə əməkdaşlığı genişləndirməli, danışıqlar aparılmalı və mövcud problemlər aradan qaldırılmalıdır ki, sanksiyalar İranın üzərindən götürülsün. Təəssüflər olsun ki, İranda mövcud olan bəzi radikal qüvvələr bu prosesə mane olur və ölkəni qarşıdurmaya sürükləyirlər.

Ekspert qeyd edib ki, eyni zamanda, Qərb kəşfiyyat qurumlarının İran daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən şəbəkələrinin mövcudluğu da sirr deyil. Bu qruplar ölkə daxilində gərginlik yaratmağa, Qərbin müdaxiləsi üçün zəmin formalaşdırmağa və İranla Qərb arasında qarşıdurmanı daha da dərinləşdirməyə çalışırlar. Məqsəd İran daxilində hərbi əməliyyatların başlanmasına şərait yaratmaqdır və biz bunun müəyyən nümunələrinin şahidi olmuşuq.

"On iki gün davam edən hərbi əməliyyatlar da göstərdi ki, başda ABŞ olmaqla, İran əleyhinə formalaşdırılmış koalisiya, o cümlədən İsrail, İran daxilində rejim dəyişikliyinə nail olmaq, öz maraqlarına uyğun hakimiyyət formalaşdırmaq və ölkəni nəzarət altına almaq niyyətindədir. Bu isə İranın uzun illər apardığı radikal siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Hazırkı prezident isə bu reallıqları nəzərə alaraq qarşıdurmadan uzaq durmağa, dialoq yolu ilə problemləri aradan qaldırmağa və İran xalqının maraqlarına uyğun addımlar atmağa çalışır. Lakin təəssüf ki, İran daxilində fəaliyyət göstərən və Qərbin maraqlarına xidmət edən bəzi qüvvələr zaman-zaman ölkənin qonşu dövlətlərlə münasibətlərinin gərginləşməsi istiqamətində açıqlamalar verirlər," - deyə siyasi şərhçi əlavə edib.

A. Məsiyevin sözlərinə görə, son günlər İran-Azərbaycan münasibətləri fonunda İran prezidentinin Azərbaycan prezidentini təbrik etməsi də onu göstərir ki, İran rəhbərliyi qonşularla münasibətləri normallaşdırmaq, dostluq və əməkdaşlıq mühitini gücləndirmək niyyətindədir. Bu isə həm İran dövlətinin, həm də İran xalqının maraqlarına tam uyğundur. Təəssüflər olsun ki, İran prezidentinin bu mövqeyini qəbul etməyən bəzi avantürist qüvvələr ölkəni və xalqı uçuruma sürükləməyə çalışırlar.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr