AZ

Sülh və inkişafa xidmət edən siyasət: İlham Əliyevin uzaqgörən strategiyası

“Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Azərbaycanın uğurlarının əsas səbəbi isə güclü lider, iqtisadi müstəqillik və siyasi iradədir. Azərbaycan beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin zəngin liderlik bacarığı, praqmatik xarici siyasətinin nəticəsidir. Cənab Prezident dövlət siyasətinin müasir modelini yaradıb, Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır:

“Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə regionun lideri, eyni zamanda qlobal aktor kimi qəbul olunur. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı, həmçinin 2025-ci il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini daha da artırmaqdadır. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb”.

Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, son 22 il müasir Azərbaycanın inkişaf tarixində tam yeni mərhələ kimi xarakterizə olunur:

“Belə ki, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın daha da güclənməsinə xidmət edib. Ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi də etimad qazanıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsini, bölgədəki əməkdaşlığın dərinləşməsini şərtləndirib. BMT, Qoşulmama Hərəkatı, TDT kimi nüfuzlu təsisatlarda yüksək səviyyəli təmsilçilik ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. D-8 kimi nüfuzlu təşkilata yekdilliklə üzv qəbul olunması ölkəmizə bütün beynəlxalq platformalarda, o cümlədən İslam dünyasında olan etimadın göstəricisidir.

Eyni zamanda, ötən il BMT-nin ən nüfuzlu platforması olan COP29-a Azərbaycanın sədrliyi də ölkəmizin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib.
Təsdüfi deyil ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
Həmçinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və rəsmi Bakının haqlı tələbinə uyğun olaraq, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci il dekabrın 1-də isə Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı”.

K. Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib:

” “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. İşğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtması son 5 ildə əsas prioritetdir. Əsas məqsəd keçmiş məcburi köçkünləri layiqli həyat şəraiti ilə təmin etməkdir”.

“Bir sözlə, qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir”,- deyə millət vəkili sonda fikirlərini yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
1
editor.az

2Mənbələr