AZ

AMEA Kimya Elmləri Bölməsinin illik hesabatları təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan bildirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, KEB-nin sədri akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, Radiasiya Problemləri İnstitutunun, BDU-nun Kimya və ADNSU-nun Kimya texnologiya fakültələrinin, eləcə də Bakı Ali Neft Məktəbinin 2025-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru Nizami Mürsəlov bildirib ki, cari ildə elmi müəssisədə 3 istiqaməti əhatə edən 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 17 əsas və mühüm elmi nəticə əldə edilib.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib.

Akademik bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2025-ci ildə 17 mühüm elmi nəticə əldə olunub. Qeyd olunub ki, xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən yeni motor yağı və itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün yeni motor yağı işlənib hazırlanıb, həmçinin 30 faizli hidrogen peroksidlə oksidləşdirilib və 130-135 °C temperaturda tiokarbamidlə kimyəvi modifikasiya edilmiş günəbaxan yağının Ca qliseratları mineral yağ(T-1500) ilə qarışdırıldıqdan sonra 5 – 7 faiz qrafit əlavə edilməklə ekoloji tələblərə cavab verən sürtkü alınmış və tətbiqi xarakterli bu nəticələr patentləşdirilib.

Polimer Materialları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 14 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 57 çap olunmuş məqalədə və 4 kitabda, 5 patentdə öz əksini tapıb. Məqalələrdən 15-i respublikada, 42-i xaricdə çap olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova bildirib ki, fakültədə 3 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 12 dərs vəsaitində, 8 patent və 424 məqalədə öz əksini tapıb. Onlardan 187-i pespublikada, 237-ı xaricdə çap olunub ki, onlardan da 70-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallardadır.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov bildirib ki, fakültədə 3 elmi-tədqiqat və Sənaye kimyası laboratoriyaları fəaliyyət göstərir və 11 mövzu üzrə tədqiqatlar aparılıb. Akademik qeyd edib ki, əməkdaşlar tərəfindən cari ildə 5 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 193 çap olunmuş məqalə öz əksini tapıb.

Bakı Ali Neft məktəbinin elmi katibi İlhamə Zərbəliyeva bildirib ki, kimya elmləri üzrə 3 mövzunu əhatə edən tədqiqat işləri aparılıb və alınan nəticələr 6 elmi məqalədə öz əksini tapıb ki, onların da hamısı WOS və “Scopus” bazalarında indekslənmiş jurnallardadır.

Radiyasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev təmsil etdiyi qurumun cari ildəki nailiyyətlərindən danışıb. Qeyd edib ki, institutda 6 laboratoriya kimya profillidir. Bu laboratoriyalarda ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, karbohidrogen və su əsaslı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi və s. üzrə tədqiqatlar aparılır. Alim bildirib ki, institut üzrə bu il təkcə Q1 kvartilli jurnallarda 47 məqalə dərc olunub ki, onların da əksəriyyəti kimyaçıların payına düşür.

Aparılan müzakirələrdə akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə fundamental tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda, iqtisadiyyata töhfə verə bilən tətbiqiyönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin, o cümlədən hidrogenin energetikası ilə əlaqəli tədqiqatların vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində işlər daha da genişləndirilməli, universitetlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına xüsusi önəm verilməlidir.

KEB-nin Ümumi yığıncağı hesabat verən təşkilatların 2025-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr