AZ

İki şəxsiyyət, ikinci doğum günü

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu yaxınlarda yazıçı Natiq Məmmədlidən maraqlı bir fikir oxudum: "Tarix bir cür yaranır, müxtəlif cür yazılır".

Tarixi yaradanlar və yazanlar çox zaman eyni adamlar olmur. Bəlkə də tarixi yarada bilənlər onu yazmağa da baş qoşsalar, heç birini yetərincə yarıtmazlar. Ancaq, bilirsiniz, istisnalar həmişə var.

Mən "Azadlıq" qəzetində yetişmişəm, bunu nəinki danıram, əksinə qürurlanıram. Çünki mən özümü əfsanəvi jurnalist, ustad Nəcəf Nəcəfovun "Azadlıq" qəzetinə aid edirəm. Məni bu qəzetə - öz dövründə ən geniş auditoriyaya və ən müstəqil səviyyədə xitab edən tribunaya Nəcəf Nəcəfov dəvət etmişdi. Bəlkə də mən bu şəxsiyyəti tanımasaydım, bu günkü deyil, başqa biri olardım.

24 oktyabr 1989-cu il. Bu, "Azadlıq" qəzetinin doğum tarixidir. Ancaq həm də Nəcəf Nəcəfovun ikinci doğum günüdür. Çünki bu qəzetlə o, məncə, ikinci dəfə dünyaya gəlmişdi. Həm şəxsiyyət kimi, həm jurnalist kimi.

Ancaq, təəssüf ki, indi nə " Azadlıq" qəzeti var, nə Nəcəf Nəcəfov. Sadəcə, tarix var. Bu tarix, bəli, bir cür yaranıb, amma onu hərə bir cür yazır.

Dekabrın 24-də həm də Azərbaycan prezidenti İlham Əliyev dünyaya gəlib. Nəcəf Nəcəfov kimi İlham Əliyevin də ikinci doğum günü var. Mənə görə, o, 2020-ci il noyabrın 8-də Qarabağın azad olunması ilə bir insan kimi ikinci dəfə doğulub və tarixə düşüb. Gələcəkdə kim tarixi nə cür yazır-yazsın, tarixi həqiqəti kimsə dana, gizlədə bilməyəcək. Həqiqətdən kimsə gizlənə də bilməyəcək. Çünki İosif Brodskinin dediyi kimi: "Tarixdən heç kim sığortalanmayıb". Sözün hər mənasında.

Bilmirəm, ustad Nəcəf Nəcəfovla indiki prezident şəxsən tanış idilər, ya yox. Hər halda qiyabi tanışlıq vardı. Görəsən, Nəcəf bəy bu gün həyatda olsaydı, onlar bir-birini "ikinci doğum günü" münasibətilə təbrik edərdilərmi?! "Azadlıq" da əvvəlki "Azadlıq" ola bilərdimi?!

Maraqlı, amma çətin suallardır. İstənilən halda, məncə, Nəcəf Nəcəfov sağ olsaydı, bəlkə çox şey başqa cür olardı. O, özünün təcazökarlığı, təmənnasızlığı, o işığı ilə bəlkə də cəmiyyətdə daha xoş bir meh əsdirərdi, barışıq havası yaradardı. Çünki onu bütün tərəflər, bütün cinahlar qəbul edirdi. Qabiliyyətinə və səmimiyyətinə hər kəs inanırdı.

Əminəm, Nəcəf Nəcəfov həyatda olsaydı, ölkə rəhbərinin əlini sıxar, qələbəyə görə təbrik edər: "Anamın ata ocağını azad etdiyiniz üçün çox sağ sağ olun" deyərdi. Ancaq başqa sahələrdə gördüyü qüsurları da görməməzliyə vurmaz, açıq və aydın şəkildə ölkə prezidentinə deyərdi, çəkinməzdi. Prezident də bunu normal qəbul edərdi; arxa niyyətin olmadığına, səmimi kömək üçün deyilmiş sözlər, fikirlər olduğuna şübhə edən olmazdı...

Ancaq, nə yazıq ki, Nəcəf Nəcəfov da yoxdur, bu cür tər-təmiz, təmənnaaız ziyalı profili də artıq reallıqda yoxdur...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr