AZ

“Nöqsanlar onu deməyə əsas verir ki, media savadlılığı təşəbbüsü davamlı olmalıdır” – FADİL PAŞAYEV

“Medianın İnkişafı Agentliyinin media savadlılığı həftəsi keçirməsi prinsip etibarilə müsbət təşəbbüsdür. Çünki müasir informasiya mühitində problem təkcə xəbərin yayılması deyil, onun düzgün oxunması, təhlili və qiymətləndirilməsidir. Dezinformasiya, manipulyasiya, yarımçıq və məqsədli məlumatlar cəmiyyət üçün real təhlükə yaradır”.

Bunu KONKRET.az saytının baş redaktoru, əməkdar jurnalist Fadil Paşayev media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info ilə bölüşərkən bildirib:

“Lakin əsas sual budur: ötən bir il ərzində bu təşəbbüs hansı real nəticələr verib? Açıq mənbələrə və ictimai müşahidələrə əsasən demək olar ki, media savadlılığı anlayışı artıq tədbir və şüar səviyyəsindən çıxıb və real nəticələri var. Doğrudur, xüsusən regionlarda, yaşlı nəsildə və sosial şəbəkə istifadəçiləri arasında məlumatın yoxlanılması, mənbə fərqləndirilməsi və manipulyativ kontentə hələ də rast gəlinir.

Amma peşəkar media bu vərdişlərə tam yiyələnib. Amma nöqsanlar onu deməyə əsas verir ki, media savadlılığı təşəbbüsü davamlı olmalıdır. Maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Media Agentliyinin də əsas məqsədi odur ki, media savadlılığı seminarlarla kifayətlənməməlidir. Bildiyim qədər bu prosesi davam etdirmək üçün agentlik uzunmüddətli strategiya hazırlayıb. Həmin strategiyaya görə, təbliğat orta məktəblərdən başlayacaq”.

Fadil Paşayevin fikrincə, nəinki jurnalistlər, redaktorlar eləcə də dövlət qurumlarının özləri də şəffaf kommunikasiya məsuliyyəti daşımalıdır:

“Çünki ictimaiyyət rəsmi məlumatlara gec, ziddiyyətli və ya qeyri-dəqiq çıxışlar vasitəsilə çatırsa, heç bir media savadlılığı kampaniyası tam effekt verməyəcək. Media savadlılığı tədbirlərinin real əhəmiyyəti ondadır ki, cəmiyyət informasiyanın istehlakçısı yox, şüurlu iştirakçısına çevriləcək.

Bunun üçün ölçülə bilən nəticələr, açıq hesabatlar və davamlı mexanizmlər hazırlanır.

Məhz buna görə də tam əminliklə demək olar ki, media savadlılığı təkcə vətəndaşa öyrədilən məsələ deyil, bu, həm də institusional məsuliyyətdir. Dövlət qurumları, media strukturları və ictimai platformalar bu məsuliyyəti bölüşməlidir ki, daha uğurlu nəticələr əldə edilsin”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15–22 dekabr tarixləri arasında “Media Savadlılığı” Həftəsinə start verilib.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.

2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.

Seçilən
9
2
konkret.az

3Mənbələr