AZ

DİM-in son qərarı abituriyentləri AYAĞA QALDIRDI… “Bu uşaqların teleyi ilə oynayırlar”

Dövlət İmtahan Mərkəzinin qabiliyyət tələb edən ixtisaslarla bağlı verdiyi son qərarı bu istisaslar üzrə hazırlaşan abituriyentlərin narazılığına səbəb olub. Xüsusilə dizayn ixtisası üzrə hazıraşıb gücü daha çox qabiliyyət imtahanına verən abituriyentlərin bu dəfəki imtahanlarda qabiliyyəti deyil, test cavablarının əsas götürüləcəyi onlar arasında çaşqınlıq yaradıb.

Bubunla bağlı Tribuna.az-a müraciət edən bir qrup valideyn və abituriyent bildirib ki, test buraxılış imtahanlarına 2 aydan az vaxt qaldığı bir ərəfədə belə qərarın verilməsi qəbul edilməzdir.
Valideynlər və illərdir qabiliyyət imtahanına hazırlaşan abituriyenlər bu qərara qarşı çıxır, bu qərarı haqsızlıq adlandırır:
“DİM 5 dekabr qərarında açıqlayıb ki, 2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək. Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.
Qərarda 2060-27-ci illər qeyd edilir və elə anlaşılır ki, bu ilin abituriyentlərinə şamil edilmir. Ancaq belə deyil. Nəzərə alsaq ki, bu günün abituriyentin 2026-2027-ci il tədris ilinin tələbəsidir, deməli, bu qərar elə 2 ay sonra imtahan verəcək uşaqlara da aiddir. 2 aydan da az vaxt qalıb imtahana. Təhsil ilinin ortasında belə qərar vermək nə qədərəcədə doğrudur?. Neçə ildir qabiliyyət imtahanına hazırlaşan uşaqların əziyyətinə heyifiniz gəlmir? DİM bunu hansı əsasla qəbul edir? Belə qərar verirdisə, bunu ilin əvvəlində deməli idi. Tədris ilinin yarısı geridə qalıb. İlin ortasında qərar dəyişdirirlər”.
Valideynlər bildirib ki, DİM-in bu qərarı abituriyentlər arasında ruh düşkünlüyü yaradıb:
“Belə anlaşılır ki, qabiliyyətindən asılı olmayaraq abituriyentin nəticəsi 6, 7, 8, 9 və 10 olmağından asılı olmayaraq bərabər tutulacaq. Bu absurd bir qərardır və bir çox tələblərə ziddir. Bu qərar gələcəkdə qabiliyyəti olmayan qeyri-peşəkar “dizayner”lərin əmələ gəlməsinə birbaşa şərait yaradacaq.
Minlərlə abiturientin xəyalları suya düşmüş olur. Bu, tədris ilinin əvvəlindən rəsmlə repetitorla məşğul olan abiturientlərin taleyi ilə oynamaq deməkdir. Tədris ilinin ortasında hansı repetitor buraxılış imtahanına 2-3 ay qalmış hazırlığa abiturient götürər? Qeyri-bərabər şərtlərlə imtahanın keçirilməsi yolverilməzdir. Özü-özlüyündə kökündən yanlış olan bu qərarın ani verilməsi doğru addım deyil. DİM tərəfindən dövlət imtahanı ilə bağlı qərarlar adətən 2 tədris ili öncədən xəbərdalıq edilməklə verilir. Belə olsaydı daha ədalətli olardı. Onsuz da imtahan stresi yaşayan abituriyendə daha böyük stress, həyacan yaşatmaq nəyə lazımdır?
DİM heç mi bu uşaqları düşünmür?. İllərdir qabiliyyətə hazırlaşan uşaqlar testdən zəif bal toplaya bilərlr axı. Heç düşünmürsünüz bu uşaqları?. Bu qədər abituriyentin taleyi ilə, əsəbləri ilə oynamazlar”.

Məsələ ilə bağlı Tribuna.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Vüsət Əzizov bildirib ki, Dövlət İmtahan Mərkəzinin tədris işinin ortasında belə bir qərar verməsi doğru deyil:
“Artıq 3 həftə olar ki, Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcəyini rəsmi şəkildə elan edib. Qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.
Qabiliyyət imtahanının məqsədi dəyişdirilib. Dizayn ixtisasında qabiliyyət imtahanının əsas rolu artıq yaradıcılıq qabiliyyətinin olub-olmamasını yoxlamaqdır. Qısa olaraq əsas səbəbin ədalətlilik və obyektivliyi artırmaq olduğunu deyə bilərik.
Qabiliyyət imtahanları subyektiv olaraq bir neçə mütəxəssis tərəfindən qiymətləndirilir. Dizayn kimi ixtisaslarda qiymətləndirmə təbii ki, müəllimlərin baxışından, zövqündən asılı ola bilir. Əvəllər 6-10 ballıq şkala ilə qiymətləndirmə zamanı abituriyentlər arasında narazılıq yaradırdı. “Məqbul” və “qeyri-məqbul” qiymətləndirmə sistemi bu problemi nisbətən azaldır.
Bundan başqa, yeni qaydaya görə qabiliyyət balı əsas seçim meyarı rolunu oynamır. Yeni tətbiq edilən qiymətləndirmə mexanizmi sadəcə namizədin dizayn ilə bağlı qabiliyyətini yoxlayır. Əsas rəqabət isə artıq test imtahanı nəticəsi ilə, yəni 11-ci sinif buraxılış imtahanı balı ilə aparılır.
Son bir neçə il ərzində dizaynın qabiliyyət imtahanı ilə bağlı Apellyasiya Komissiyasına çox sayda şikayətlər daxil olurdu. Yeni sistem bunu minimuma endirmək üçün nəzərdə tutulub.
Digər tərəfdən V ixtisas qrupu üzrə “Dizyan” ixtisası üzrə tələbə qəbulu həyata keçirən ali məktəblərin nümayəndələri bildirir ki, yüksək qabiliyyət balı olan, amma zəif akademik bazası olan tələbələr tədrisdə çətinlik çəkir. Bu qərar verilən zaman həmin ali təhsil müəssisələrinin nümayəndələri ilə DİM-də müzakirələr keçirilib və müxtəlif təkliflər edilib və yekunda bu qərar qəbul edilib.
Yeni qəbul edilmiş qərar güclü akademik bazası olanlar və müvafiq qabiliyyət imtahanından “məqbul” alanlar üçün üstünlük kimi qiymətləndirmək olar, lakin çox istedadlı, güclü dizayn qabiliyyəti olan, amma buraxılış imtahanında zəif balı toplayanlar üçün eyni fikir söyləmək olmaz. Hər bir halda DİM sağlam rəqabət mühiti formalaşdırmağa çalışır.
Bu qərarı daha tez vermək daha yaxşı olardı. İlin ortasında belə qərarın verilməsi düzgün yanaşma deyil. Ən azı bir il əvvəl verilməli idi bu qərar. O zaman tələbələr də daha normal hazırlaşa bilərdi. Ancaq indi 2 aydan az vaxt qalıb imtahanlara. Əlbəttə, çətinlik, çaşqınlıq, narahatlıq yaranacaq”.

Seçilən
10
yenilik.az

1Mənbələr