AZ

“Azərbaycan artıq müharibəyə yox, tikinti, quruculuq və abadlıq siyasətinə önəm verir” - POLİTOLOQ ŞƏRH ETDİ

"2026-cı il Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan olunmuşdur. Bu da əsasən Azərbaycanın 44 günlük Zəfər müharibəsindən, qələbəsindən sonra ölkədə aparılan yenidənqurma, yaradıcılıq, abadlıq işləri ilə bağlıdır. Və məhz gələn il, yəni 2026-cı ildə şəhərsalma və memarlıq ili elan olunması bu sahədə aparılan işlərin daha qlobal miqyasda davam etdirilməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, çünki biz artıq müharibəni bitirmişik, sülh müqaviləsi paraflanıb, bu proses Amerikada baş tutub: "İndi biz gözləyirik ki, Ermənistanla rəsmi sülh müqaviləsi bağlanacaq. Hesab edirəm ki, bu da gələn il baş tutacaq. Çünki Ermənistan artıq Azərbaycanın irəli sürdüyü şərtlərin demək olar ki, hamısını yerinə yetirib. Qalıb yalnız konstitusiyalarına düzəliş edib Azərbaycanın ərazi bütövlüyünə iddiadan əl çəkmək. Bu məsələ də təmin olunduqdan sonra hesab edirəm ki, sülh müqaviləsi imzalanacaq və bu da ehtimal ki, yenə Vaşinqtonda, Ağ Evdə baş tutacaq. Bildiyiniz kimi, Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə Qarabağ iqtisadi zonasında böyük tikinti və quruculuq işləri aparılır. Artıq həm Şuşaya, həm Xankəndinə, həm də digər rayonlara köçlər başlayıb. Laçın, Kəlbəcər, Füzuli və digər uzun illər işğal altında qalmış rayonlarımızda canlanma, inkişaf, yeni həyat, abadlıq və quruculuq var. Bütün bunlar Azərbaycanın strateji planının tərkib hissəsidir. Azərbaycan regionda lider ölkə olaraq, dağıdılmış, viran qoyulmuş yerləri cənnətə çevirmək niyyətindədir. Cənab Prezidentin məqsədi məhz budur. Artıq bu 5 il ərzində Qarabağa 35 milyard manatdan artıq vəsait ayrılıb, 50 mindən artıq insan doğma yurd-yuvasına köçürülüb. Çoxlu sayda yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, institutlar tikilib.

Qarabağ oyanıb. Dünən də Cənab Prezident Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsində olub, orada aparılan yenidənqurma işləri ilə tanış olub. Bu baxımdan hesab edirəm ki, bu, yeni siyasətimizin ən parlaq nümunəsidir. Azərbaycan artıq müharibəyə yox, tikinti, quruculuq, abadlıq işlərinə önəm verir. Və bu yalnız Qarabağla məhdudlaşmır, bütün respublika üzrə belə proseslər gedir. Artıq kəndlərimizdə abadlıq işləri aparılır, yollar çəkilir, işıqlandırma sistemləri qurulur. Bizim məqsədimiz odur ki, Azərbaycan vətəndaşları rahat yaşasın, onların sosial vəziyyəti yaxşılaşsın. Bu nöqteyi-nəzərdən Azərbaycanın siyasəti hesab edirəm ki, bir çox ölkələrdən daha qabaqcıl və effektivdir. Bütün bunlar onu deməyə əsas verir ki, biz müharibə yox, sülh və mehriban qonşuluq münasibətləri istəyirik. Və bunu da öz əməllərimizlə, fəaliyyətdə olan siyasətimizlə göstəririk".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
9
1
sia.az

2Mənbələr