Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Artıq son illər paytaxt Bakının tıxac problemi ciddi sosial bəlaya çevrilib. Hər gün sosial şəbəkələrdə, mediada müzakirə olunan əsas məsələ Bakıdakı dəhşətli tıxaclara çarə axtarmaqdır. İş o yerə çatıb ki, hazırda avtobuslarla yanaşı. hətta metro vaqonları da tıxac halına gəlib çatıb.
Bəli, Bakı getdikcə “yüklənir”. Bakıda hazırda faktiki olaraq 4 milyondan yuxarı insan yaşayır. Bu, Bakı kimi şəhər üçün böyük rəqəmdir. Çünki nə ərazisi, nə sosial-nəqliyyat infrastrukturu bu sayda əhalini qəbul etməyə imkan vermir. Əlbəttə ki, bu tıxac və qarmaqarışıqlıq ilk növbədə bölgədən paytaxt Bakıya olan insan axını ilə bağlıdır. Çünki Respublikada əl-ayağı iş tutan bir çox ailə yaşamaq və iş tapmaq üçün Bakıya üz tutur. Əlbəttə, texnologiya və inkişaf əsrində insanlar daha çox şəhərlərdə yaşamaq, daha qabaqcıl cəmiyyyətlərə inteqrasiya olmaq istəyirlər. Burası belədir.
Amma..., hə işin ƏMMASI odur ki, kəndlərdəki bütün insanlar ev-eşiyi atıb Bakıya üz tutmaq arzusu ilə yaşamırlar əlbəttə ki. Onları Bakıya doğru yol almağa məcbur edən ciddi sosial-iqtisadi səbəblər var. Bölgələrimizdə real və qənaətbəxş qazanc yerlərinin olmaması paytaxta kütləvi axını şərtləndirən əsas səbəbdir. 300-500 manat aşağı gəlirlə gənc ailələri kənd-kəsəyə bağlamaq artıq zaman baxımından mümkünsüz məsələdir. Pulun getdikcə dəyərdən düşdüyü, bahalaşmanın vüsət aldığı hazırkı günlərdə kənd təsərrüfatı üçün inkişaf qapısı açmaq, ölkə bazarlarında yerli məhsulların satışını təşkil etməklə kəndlinin maddi rifahını və yerlərdə aqrobiznesi dirçəltmək ən prioritet məqsəd olmalıdır. Lakin hazırkı günlərdə bunun tam əksini müşahidə edirik.
Düzdür, dövlət bölgələrdə yeni iş yerlərinin açılması və sosial iqtisadi inkişaf üçün mühüm layihələr və təşəbbüslər irəli sürür. Lakin... min dəfə təəSsüf olsun ki, bəzən məmur səhlənkarlığı ucbatından yerlərdə real qazanc yerləri, davamlı iş sistemi yaradılmır. Son bir ildə televiziya ekranlarında göstərildiyi kimi, qapısı qıfıllı kənd evlərinin sayı durmadan artır. Ən səfalı kəndlərimiz getdikcə boşalır, heyvandarlıq, bağçılıq getdikcə sıradan çıxır. Bu təkcə iqtisadi itki deyil. Bu həm də dədə-baba yurdunu tərk etmək, torpağa olan bağlılığını itirmək, uşaqlıq və gənclik xatirələrini daş kimi bağrına basıb muzdlu iş axtarmaq üçün el-obadan didərgin düşmək deməkdir...
Azərbaycanın bölgələrində yerli əhalinin sosial rifahını və qazanc imkanlarını yüksəltmək üçün verimli torpaq sahələrini, təbii sərvətləri istehsal infrastrukturuna çevirmək ən vacib məsələdir. Çünki bu addım atılmasa, kəndlərdə heyvandarlığı, sosial infrastrukturu ayağa qaldırmasaq, o zaman bölgələrdəki yerli əhalinin dolanışıq üçün tək çıxış yolu kimi Bakıya axınını dayandıra bilməyəcəyik.
Bilirsiniz ən dəhşətlisi nədir? Təzə qərarla sən demə kəndlərdə tövlə tikintisi üçün də müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalıdır. Axı buna nə ehtiyac var? Biz yerlərdə kənd təsərrüfatını dirçəltmək, yerli istehsal və məhsuldarlığı yüksətmək əvəzinə tövlə tikintisinə belə inzibati qaydalar qoyur və onu sərtləşdiririksə, o zaman ətin qiyməti 25 manatı da keçəcək, hətta bu gedişlə bir neçə ilə yerli qoyun, dana ətinə həsrət qalacağımız günlər də gəlir qabaqda. Artıq mağazalarımızda Somalidən, Monqolustandan, hətta Avstraliyadan gətirilən ətlər boy verir. Bu uzaq ölkələrdən mənşəyinə əmin olmadığınız ətləri kimlərinsə cibləri dolsun deyə Azərbaycana gətirmək əvəzinə olmazmı ki, elə öz kəndlilərimizə şərait yaradaq, qoy heyvandarlıq inkişaf etsin? Kənddə tövlə tikintisi üçün norma və şərtlər qoymaq əvəzinə olmazmı kəndliyə şərait yaradaq ki, bol məhsuldarlıq yaransın və bazarlardakı monopoliya əvəzinə yerli məhsullar satılsın, kəndlərdə həyat canlansın.
Sözümün “mustafası” odur ki, bir neçə gündən sonra qarşılayacağımız 2026-cı ildə Bakının daha ağır tıxacına, basabasına hazır olmalıyıq. Çünki... çünki tövlə icazəsi ilə Bakı tıxacı arasında məsafə çox qısadır, çox...
Mətləb Salahov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.