"Müasir Azərbaycan dövlətinin siyasi inkişaf trayektoriyasının təhlili göstərir: ölkənin daxili sabitliyinin təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli təhlükəsizlik arxitekturasının yenidən qurulması və post-münaqişə mərhələsində keyfiyyətcə yeni inkişaf fazasına daxil olması birbaşa Prezident İlham Əliyevin formalaşdırdığı liderlik modeli ilə bağlıdır".
Redaktor.az xəbər verir ki, bu sözləri açıqlamsında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Deputat qeyd edib ki, bu liderlik modeli yalnız konkret tarixi mərhələlərdə qəbul edilən siyasi qərarların və icra olunan institusional islahatların məcmusu deyil, dərin ideoloji, hüquqi, intellektual və strateji əsaslara söykənən kompleks dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir.
Vasif Qafarovun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi kursunun əsas fərqləndirici xüsusiyyəti dövlət idarəçiliyinin reaktiv və situativ yanaşmadan çıxarılaraq proaktiv, qabaqlayıcı və strateji planlaşdırmaya əsaslanan institusional sistemə çevrilməsidir:
"Dövlətçilik anlayışı bu modeldə yalnız suverenliyin qorunması ilə məhdudlaşmır, sosial rifahın yüksəldilməsi, milli identikliyin möhkəmləndirilməsi, insan kapitalının inkişafı və gələcək nəsillərin maraqlarının qorunması kimi çoxölçülü komponentləri əhatə edir".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin liderlik modeli həm sülh, həm də böhran və müharibə şəraitində effektiv qərarvermə mexanizmi kimi özünü təsdiq edib.
"2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu modelin praktiki sınaq mərhələsi olmaqla yanaşı, müasir Azərbaycan dövlətçiliyinin tarixi dönüş nöqtəsi olub. Müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə təmin edib.
Əldə edilən Qələbə spontan qərarların deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Ordu quruculuğu, hərbi-texnoloji modernləşmə, diplomatik fəaliyyət və cəmiyyət daxilində milli birliyin təmin edilməsi bu Qələbənin əsas sütunlarını təşkil edib", - deyə o, qeyd edib.
Millət vəkili bildirib ki, Vətən müharibəsində əldə olunan nəticələr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə məntiqi şəkildə tamamlanıb:
"Bu tədbirlər nəticəsində Azərbaycan dövləti öz suveren ərazisində konstitusiya quruluşunu tam və dönməz şəkildə bərpa edib, separatizmə son qoyulub və dövlətin yeganə legitim güc sahibi olduğu faktiki və hüquqi müstəvidə təsdiqlənib.
2020 və 2023-cü illərdə baş verən hadisələr Azərbaycan dövlətçiliyinin son iki əsrlik inkişaf trayektoriyasında struktur qırılma nöqtəsi təşkil edir. İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edib və suverenliyini ölkənin bütün ərazisində eyni hüquqi məzmunla reallaşdırıb".
Vasif Qafarov 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinin siyasi əhəmiyyətinə də toxunaraq bildirib ki, seçkilərin ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə keçirilməsi dövlət suverenliyinin tam bərpa olunduğunun siyasi-hüquqi təsdiqi kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin məhz Xankəndidə səs verməsi separatizm ideologiyasının ideoloji və psixoloji məğlubiyyətini simvolizə edib.
Deputat əlavə edib ki, İlham Əliyevin liderlik modelinin əsas dayaqlarından biri rasional qərarvermə mexanizminin institusional səviyyədə formalaşdırılmasıdır. Qərarların sistemli təhlilə, hüquqi əsaslandırmaya və uzunmüddətli strateji hesablara söykənməsi daxili və xarici siyasətdə ardıcıl nəticələr verib.
Vasif Qafarov qeyd edib ki, qərarların sistemli təhlilə, hüquqi əsaslandırmaya və uzunmüddətli strateji hesablara söykənməsi daxili və xarici siyasətdə ardıcıl nəticələr verib:
"İlham Əliyevin rəhbərliyi dövründə elektron hökumət, ASAN xidmət, rəqəmsal idarəetmə və institusional islahatlar dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirib, sosial-iqtisadi inkişaf isə qeyri-neft sektorunun genişləndirilməsi, regionların inkişafı və sosial rifahın yüksəldilməsi üzərində qurulub.
İnsan kapitalının inkişafı, təhsil və səhiyyə islahatları, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və gənclərə yönəlik proqramlar “Azərbaycan–2030” Milli Prioritetlərində sistemli şəkildə əksini tapıb".
Xarici siyasətə toxunan Vasif Qafarov bildirib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırıb. Qoşulmama Hərəkatına sədrliyin həyata keçirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, Türkiyə ilə müttəfiqlik münasibətləri və beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanın qlobal siyasi proseslərdə rolunu möhkəmləndirib.
Deputat sonda qeyd edib ki, İlham Əliyevin formalaşdırdığı liderlik modeli artıq praktik nəticələri ilə özünü doğrultmuş müasir dövlətçilik nümunəsidir və Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır.
Aminə ŞAHSUVARQIZI