Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 24 dekabr, AZƏRTAC
Bu il U-23 Avropa çempionatında, U-20 dünya çempionatında və İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyan Azərbaycanın güləş hakimi Bəşir İsazadə AZƏRTAC-ın suallarını cavablayıb.
- Güləş hakimliyində ən yüksək dərəcə sayılan I-S kateqoriyasına yüksəldiniz. Bu, sizin üçün nə ifadə edir?
- Ali kateqoriyaya yiyələnmək mənim üçün çox şeyi ifadə edir. Ən əsası, bizə olan güvəni və dəstəyi boşa çıxarmadıq. Ümid edirəm ki, ölkəmi ən ali güləş yarışlarında təmsil etmək qismət olacaq.
- Bu dərəcəyə sahib hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanır. Olimpiadada mümkün idarəçilik imkanı sizi necə motivasiya edir?
- Bir hakim üçün ən böyük arzu və motivasiya Olimpiya Oyunlarında iştirak etməkdir. Hər hakim kimi məndə bu anı yaşamağı səbirsizliklə gözləyirəm.
- Şübhəsiz ki, bu uğurun arxasında böyük zəhmət dayanır. Bu dərəcəni qazanmaq üçün hansı mərhələlərdən keçməli oldunuz?
- Əlbəttə, əziyyət və zəhmət olmayan yerdə bu pilləyə çatmaq imkansızdır. Amma bizim buralara gəlməyimiz komanda işinin nəticəsidir. Azərbaycan Güləş Federasiyasının dəstəyi danılmazdır. Hakimlər kollegiyamızın sədri Qərib müəllim başda olmaqla, digər yoldaşlarımın da bu uğurda payı var. Yollar birlikdə gedildikdə nəticələr və zəfərlər tezləşir.
- Azərbaycan güləşində hakimliyin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Güləşdə hakimlik ənənələri olan bir ölkədə yarışları idarə edirik və rəqabət ən üst səviyyədədir. Bu gün ən yüksək səviyyədə hakimlik edən Elman İsmayılov, Kamran Əliyev, Həbib Nurulu, Tural Əliyev kimi yoldaşlarımız var. Azərbaycan ən yüksək hakimlik rəqabəti olan ölkələrdən biridir.
- Gənc hakimlərə hansı tövsiyələri verərdiniz?
- Gənc hakimlərə ən böyük tövsiyəm odur ki, xarici dil biliklərini möhkəmləndirsinlər və praktiki təcrübələrini artırsınlar.
- Yaxın gələcək üçün planlarınız və məqsədləriniz nələrdir?
- Yaxın gələcək üçün ilk hədəfim 2026-cı ildə Bəhreyndə böyüklər arasında təşkil olunacaq dünya çempionatında hakim kimi yer almaqdır. Əsas hədəf isə 2028-ci ildə Amerika Birləşmiş Ştatlarında keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmi və Azərbaycan hakimliyini təmsil etməkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.