“Azərbaycan Respublikası artıq 30 illiyini qeyd etdiyimiz konstitusiyamızda da əksini tapdığı kimi dünyəvi dövlətdir”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib.
O bildirib ki, bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi isə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir.
B.Muradovanın sözlərinə görə, din qadını cəmiyyətin inkişafı prosesində mərkəzi roldan gözləmə mövqeyinə keçməməlidir:
“Azərbaycanda bu məhz belədir. Odur ki, ölkəmizdəki mövcud dəyərlər sistemi - hansı ki, onun böyük bir hissəsini multikulturaluzm və dini dözümlülük tutur-qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim edən dəyər sistemidir.
Bu həqiqətin düzgün şəkildə izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Biz Dövlət Komitəsi olaraq hesab edirik ki, qadınların ailə və cəmiyyətin onun üzərinə qoyduğu missiyanı uğurla yerinə yetirməsi yalnız hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır”.
O deyib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media