AZ

Xarici İşlər Nazirliyi xəbər verir

Dekabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş katibi Xaled El-Enani arasında telefon danışığı aparılıb.

Nazir müsahibini UNESCO-nun Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə ölkəmizin təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.

Nazir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mariya Papakonstantinu ilə görüşüb.

Söhbət zamanı səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib. İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.

XQ

Seçilən
21
1
xalqqazeti.az

2Mənbələr