AZ

“Dini icmalar qadınların sosial və mənəvi inkişafında mühüm rol oynayır” - Bahar Muradova

“Forum bizim hamımız üçün müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir:

“Dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma demək deyil. Əksinə, din və dövlət münasibətlərinin balanslı, konstitusion əsaslar üzərində qurulması cəmiyyətimizin sabitliyini, multikultural harmoniyasını və insan ləyaqətinə hörmətini təmin edir. Bu Forumun artıq ikinci dəfə keçirilməsi də ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə verilən yüksək önəmin bariz nümunəsidir”.

Komitə sədri həmçinin qadınların sosial və mənəvi inkişafında dini icmaların roluna diqqət çəkib:

“Qadın cəmiyyətin və ailənin dayağıdır. Gələcək nəsillərin formalaşdığı mənəvi məkandır. Dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu qadının sosial fəallığı və mənəvi dayanıqlığı arasında harmoniyanın təmin edilməsində danılmazdır. Azərbaycan bu dəyərlər sistemi ilə qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim edir”.

Bahar Muradova əlavə edib ki, Dövlət Komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı və uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl işlər görülür.

O yekun olaraq qeyd edib:

“Bugünkü panel müzakirələr bu əməkdaşlığın daha dərin və təsirli mərhələyə keçidi üçün mühüm fürsətdir. Burada səslənəcək fikirlər, təqdim olunacaq yanaşmalar və paylaşılacaq təcrübələr qadınların cəmiyyətdə rolunun dini və dünyəvi dəyərlərin vəhdəti əsasında daha düzgün formalaşmasına töhfə verəcək. Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
77
sia.az

1Mənbələr