Dünən Ankaranın Esenboğa Hava Limanından Tripoli istiqamətində havaya qalxan Liviya təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan Liviyanın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli əl-Həddad və onun rəhbərlik etdiyi heyətin hamısı həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.
O xatırladıb ki, Məhəmməd Əli əl-Həddad Türkiyəyə həmkarı Səlcuq Bayraqdaroğlunun dəvəti ilə gəlmişdi:
“Məhəmməd əl-Həddad Türkiyə Silahlı Qüvvələrinin Liviyada təlim, məsləhət və institusional dəstək rolunu oynayan əsas fiqurlardan biri idi. O, 2020-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Türkiyənin Tripoli rejimini Xəlifə Haftardan qorumaq üçün 2019-cu ildə Liviyadakı proseslərə müdaxilə etdiyini nəzərə alsaq, üzərindən 1 il keçməmiş Məhəmməd əl-Həddadın Baş Qərargah rəisi postuna gətirilməsi təsadüfi olmaya bilər. Görünən budur ki, Həddad Liviya ordusunda Türkiyəyə yaxın 1 nömrəli şəxs idi və rəsmi Tripoli Ankaraya minnət borcunu ödəmək üçün bu təyinata imza atmışdı.
Məhəmməd əl-Həddadın nə üçün Ankaraya dəvət olunduğu barədə dəqiq məlumat hələ ki, yoxdur. Amma bir müddət əvvəl Türkiyə-Liviya-Aralıq dənizi hövzəsində yerləşən digər dövlətlər arasında yaşanan hadisələr bu səfərin əsl məqsədi barədə bəzi məntiqi mülahizələr yürütməyə imkan verir. Belə ki, Türkiyə yalnız Tripoli ilə yaxın münasibətlər qurmaqla kifayətlənməmişdi. 2019-cu ildə açıq şəkildə Xəlifə Haftara düşmən mövqeyində olan Ankara son zamanlar onunla da münasibətləri yaxşılaşdırmağa çalışırdı.
Ankara ilə Haftar rejimi arasında ilk əhəmiyyətli təmas 2025-ci ilin aprelində baş verdi. Haftar hakimiyyətinin Baş Qərargah rəisi Səddam Haftar (Xəlifə Haftarın oğlu) bu il aprel ayında Türkiyəyə səfər etdi.
Bu addım Liviya mətbuatında geniş işıqlandırıldı və Ankaranın Tripolini Liviyada yeganə müttəfiqi hesab etməməsi ilə bağlı fərziyyələr irəli sürüldü. Ən mühüm yaxınlaşma isə bu ilin avqust ayında oldu. Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın avqustda Benqaziyə getdi və Xəlifə Haftarla görüşdü. Haftara bağlı media orqanı bu səfəri “görünməmiş addım” kimi qiymətləndirdi. Üzərindən bir neçə ay keçməmiş Tripolinin ən qüdrətli adamının Ankaraya dəvət olunması qardaş ölkənin parçalanmış Liviya arasında irtibat qurma çalışmalarına başladığı versiyasını ağla gətirir. Mümkündür ki, bu bütövləşməni arzulamayan regional və qlobal güc mərkəzləri məlum təyyarə qəzasını törətsinlər”.
Ekspert Liviyanın bütövləşməsini istəməyənlərə diqqət çəkib:
“Bu birliyi istəməyən ilk növbədə Rusiyadır. Məlumdur ki, Aralıq dənizinə isti sulara çıxan ən qısa yol kimi baxan Suveyş kanalı üzərində öz üçbucaqlı istehkamını qurmağa çalışır. Bu üçbucağın bir guşəsini Suriyanın Tartus, digərlərini isə Post-Sudan və Binqazi limanları təşkil edirdi. Sözügedən limanlarda lövbər salan rus hərbi gəmiləri rahatlıqla Suveyş kanalını öz nəzarəti altına ala bilərdi. Di gəl ki, Rusiyanın bu “dəniz istehkamını” Türkiyə sındırmağa başlamışdı. Ötən ilin sonlarında Suriyada Bəşər Əsəd rejiminin yıxılmasını dəstəkləyən Türkiyə faktiki olaraq Tartus limanının taleyini də şübhə altına qoymuşdu. Bununla kifayətlənməyib Binqazidə yerləşən Haftar rejiminə də əl atmış və ciddi məsafələr qət etmişdi. Rusiya bu prosesi dayandırmaq və Aralıq dənizindəki ən yaxın müttəfiqini itirməmək üçün bəzi həmlələr etmiş ola bilər. Sözsüz ki, Türkiyənin dəstəklədiyi Tripoli rejiminin Baş Qərargah rəisinin Ankaraya səfəri zamanı mübahisəli təyyarə qəzasına düşməsi iki yaxın müttəfiq arasına şübhə toxumları səpə və etimadsızlıq mühiti yarada bilərdi.
Əgər bu təyyarə faciəsinin qəza olmadığı təsdiqlənərsə, İsrail və Yunanıstan da digər şübhəlilər arasına girəcək. Qeyd edim ki, təyyarə faciəsindən bir gün əvvəl Yunanistan, Cənubi Kirp və İsrail liderləri bir araya gəlmiş, açıq şəkildə Türkiyənin əleyhinə bəyanatlar vermişdilər. Qərbi Qüdsdə görüşən ölkə başçılarının imzaladığı birgə bəyanatda bu üç ölkənin getdikcə artan ortaq maraqlarından, Şərqi Aralıq dənizində və daha geniş regionda sülh, sabitlik, təhlükəsizlik və firavanlığa töhfə vermək məqsədindən dəm vurulurdu. Sirr deyil ki, İsrail və Yunanıstanın Şərqi Aralıq dənizi iddiaları Türkiyənin “Mavi Vətən” doktrinasına qarşıdır və Ankaranın Tripoli ilə müttəfiqliyi də sözügedən su hövzəsindəki hüquqlarını qorumaq məqsədinə xidmət edir. Türkiyənin “Mavi Vətən” doktrinasının tələblərini sıfırlamaq üçün İsrail və Yunanıstan da Liviya Baş Qərargah rəisinin təyyarəni hədəfə ala bilər.
Əlbəttə ki, irəli sürdüyüm bu versiyalar sadəcə versiyadır, təyyarə qəzasının əsl səbəbi “qara qutu”lar açıldıqdan sonra gün işığına çıxacaq”.