Dini təbliğat erkən nikahların, məişət zorakılığın qarşısının alınmasında müsbət nəticə verə bilər.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədir:
"Ailənin inkişafı, insan hüquqlarının qorunması, gələcəyimiz olan uşaqlara milli-mənəvi dəyərlərin ötürülməsi də risk altındadır. Bu məsələlərin aradan qaldırılmasında, bütün cəmiyyətin, o cümlədən din xadimlərinin də üzərinə məsuliyyət düşür. Qadın cəmiyyətdə hörmət edilən fərddir. Cəmiyyətdə qadına dəyəri qorumaq vacibdir. Ona görə də din xadimləri bu məsələdə təbliğat aparmalıdırlar".
Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, Azərbaycanda bəzi neqativ stereotiplər mövcuddur:
"Erkən nikahların, qadınlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlərdə dini baxımdan təbliğat müsbət nəticə verə bilər. Hesab edirik ki, ailə və cəmiyyətin qadınların üzərinə qoyduğu işi təkcə hüquqi baxımdan deyil, mənəvi-ictimai tədbirlərlə də inkişaf etdirməliyik. Ona görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı faydalı ola bilər".
Bahar Muradova əlavə edib ki, Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır:
"Bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır. Əminəm ki, bu forum, xüsusilə də qadınların sosial və mənəvi inkişafına həsr olunmuş panel, sözün əsl mənasında, düşüncələrimizi yaxşı mənada yeniləyəcək, yanaşmalarımızı zənginləşdirəcək və ortaq məsuliyyət hissimizi daha da gücləndirəcək".