Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli bir tarixdir. Ötən əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü problemlərlə üzləşsə də, istiqlalını və dövlətini qoruya bilib. Bugünkü reallıq odur ki, bir xalq və dövlət olaraq inkişafın zirvəsinə çatmağa müvəffəq olub, tariximizdə ən qüdrətli məqama çatmışıq. Arxada qalan tarixi faktlar və reallıqlar üzərində araşdırsaq görərik ki, bunu təmin edən əsas - həlledici amil məhz lider fenomenidir.
Müasir, qüdrətli müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və onun siyasi varisi - layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub. Son iki onilliyin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, Prezident İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib.
Prezident İlham Əliyev tarixi yaddaşımıza, milli kimliyimizə dönməyimizi təmin edən, bütün şəxsləri və müxtəlif qrupları bir “Dəmir yumruq” altında birləşdirərək, fərd kimi Azərbaycan vətəndaşını, xalq olaraq isə Azərbaycan xalqını dünyaya tanıtdı. Bununla da o, nəinki şəxsiyyət kimi tarixi yaddaşımıza öz möhürünü vurdu, həm də əbədi olaraq xalq sevgisinin dəyişməz ünvanına çevrildi.
Azərbaycan lideri İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O, nəyi necə etməli olduğumuzu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.
Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin qorunması Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialına malik olan ölkəsi kimi tanınması, etibarlı tərəfdaş kimi qəbul olunması və sözün əsl mənasında müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.
Şübhəsiz, Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Son iki onillikdə siyasi sistemi dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki sovet keçmişindən ayrılmamağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı.
Məram aydındır: ictimai-siyasi təfəkkürdən “postsovet” qalıqları təmizlənməli idi ki, insanlar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər. Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər mühüm məqamlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər.
Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”- fikrini öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. 2020-ci ilin Vətən müharibəsindəki Qələbə məğrur Azərbaycan xalqının ikili standartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi Qələbəsi oldu.
Bu Qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş Prezident İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu. Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident, Ali Baş Komandan, sərkərdə, siyasi xadim kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. O, atası Heydər Əliyevin yarımçıq qalan işlərini davam etdirməklə yanaşı, onun vəsiyyətinə əməl edən ən xoşbəxt varisdir.
Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə xalqının qarşısına çıxdı, ən sevincli xəbəri insanlara özü çatdırdı. O, 30 il torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə özü apardı.
Bu gün Prezident İlham Əliyev doğum gününü müdrik dövlət başçısı, bütün dünya azərbaycanlılarının Lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdə kimi qeyd edir. Öz xalqının ən müqəddəs arzusunu - Qarabağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Hər cümləsi xalqın yaddaşında iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan prezident sözün əsl mənasında yeni bir Azərbaycan qurur.
Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə – dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır!
Xalq – Lider birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı