Türkiyənin paytaxtı Ankarada qəzaya uğrayan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Muhammed Ali Ahmet El Haddad da daxil 8 nəfər yüksək rütbəli hərbçilərin həlak olduğu təyyarənin “qara qutu”su və səsləndirmə cihazı tapılıb.
“Yeni Sabah” “Sözcü”yə istinadə xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, dekabrın 23-də saat 20:10-da Esenboğa Hava Limanından Trablus istiqamətinə uçan Falcon 50 tipi təyyarənin saat 20:32-də texniki nasazlıq səbəbi ilə geri dönmək istədiyi bildirilib. Lakin saat 20:52-də Haymana bölgəsində təyyarə ilə əlaqə kəsilib.
Hadisə yerinə Jandarma, Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD), Emniyyət və Səhiyyə Nazirliyinin Milli Xilasetmə Dəstəsinin (UMKE) mütəxəssisləri göndərilib. İlkin araşdırmalar nəticəsində təyyarənin parçaları Haymana, Kesikkavak kəndindən 2 km cənubda tapılıb. Saat 02:45-də səs yazma cihazı, saat 03:20-də isə qara qutu tapılaraq ekspertizaya yönəldilib.
Liviyadan 22 nəfərlik ekspert heyəti Ankaraya göndərilib, ölənlərin yaxınları hadisə yerinə çatdırılıb. Nazir Əli Yelrikaya, həmçinin bildirib ki, ölənlərin cəsədləri artıq bölgədədir.
Rəsmi açıqlamada təyyarənin elektrik nasazlığı səbəbindən qəzaya uğradığı bildirilir.
İlhamə Qasımlı
Telegram kanalımız