AZ

Ombudsman: Multikulturalizm və tolerantlıq azərbaycanlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Multikulturalizm və tolerantlıq azərbaycanlıların tarixən formalaşmış həyat tərzi olmaqla, bu gün milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Son illər ölkəmizin bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi etdiyini xatırladan ombudsman bildirib ki, bugünkü Forumda müzakirə olunacaq məsələlər və səsləndiriləcək məruzələr dinlərarası dialoqun daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir.

S.Əliyeva diqqətə çatdırıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan Konstitusiyasının insan hüquq və azadlıqlarının ali təminatçısı kimi rolunu bir daha ön plana çıxarıb. Onun sözlərinə görə, Konstitusiyada dünyəvi dövlət prinsipləri, vicdan azadlığı, dini etiqadların qanun qarşısında bərabərliyi və ayrı-seçkiliyin yolverilməzliyi aydın şəkildə təsbit olunub.

Ombudsman qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri təkcə qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət şəkildə tətbiq olunur. Məscidlərə, kilsələrə və sinaqoqlara dövlət tərəfindən göstərilən dəstək, multikulturalizmin mənəvi irsi zənginləşdirən dəyər kimi təbliği bunun bariz nümunəsidir.

Çıxışında Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə də toxunan Səbinə Əliyeva bildirib ki, suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş Azərbaycanda, xüsusilə Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Eyni zamanda, işğal dövründə azərbaycanlılara məxsus dini abidələrin, məscidlərin və qəbiristanlıqların dağıdıldığını, təhqirə məruz qaldığını qeyd edən Səbinə Əliyeva bu faktların Ombudsman təsisatının hesabatlarında əks etdirilərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını bildirib.

Müvəkkil vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində dini abidələrin bərpası həyata keçirilir və bu, xalqımızın dini-mənəvi dəyərlərinə göstərilən hörmətin təzahürüdür. Bu sahədə Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd edən Səbinə Əliyeva Azərbaycanın humanitar təşəbbüsləri və dini abidələrin qorunmasına verdiyi töhfələrlə dünyada tanındığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr