AZ

Ramin Məmmədov: "Din xadimləri mənəvi dəyərlərin daşıyıcılarıdır"

Din xadimləri yalnız ibadət məkanlarının rəhbərləri deyil, eyni zamanda cəmiyyətdə sağlam düşüncə mühitinin formalaşmasında mühüm rol oynayan mənəvi dəyərlərin daşıyıcılarıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qloballaşma, informasiya bolluğu və dəyərlərin aşınması fonunda mənəvi-əxlaqi tərbiyə işinin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Komitə sədri vurğulayıb ki, bu yanaşma dünyəvi dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil etmir, əksinə, onları tamamlayır.

Ramin Məmmədov bildirib ki, ölkədə yüzlərlə dini qurumun dövlət qeydiyyatında bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanın tolerant və demokratik imicinin beynəlxalq aləmdə möhkəmlənməsinə xidmət edir. O əlavə edib ki, Azərbaycan dövlət-din modelinin beynəlxalq arenada təbliği istiqamətində sistemli və ardıcıl addımlar atılır.

Komitə sədri həmçinin “Hər məsciddə kitabxana” layihəsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu təşəbbüs məscidləri təkcə ibadət yeri deyil, eyni zamanda bilik və maarif mərkəzinə çevirir. Layihə gənclərin dini radikalizmdən uzaq tutulmasına və sağlam dini dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr