AZ

“Azərbaycan və Özbəkistanın təcrübəsi dini tolerantlıq nümunəsidir” - Müzəffər Kamilov

“Özbəkistan Respublikası nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq forumda iştirakına dəvətə, habelə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə səmimi minnətdarlığımı bildirirəm. Bu gün biz qədim tarixə, zəngin mədəniyyətə, tolerantlıq və qarşılıqlı hörmətin möhkəm ənənələrinə malik Azərbaycan torpağında məmnuniyyətlə bir araya gəlmişik".

SİA xəbər verir ki, bu fikirləri Özbəkistan Respublikası Dövlət müşavirinin müavini Müzəffər Kamilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, forum çərçivəsində Türkiyə, Qazaxıstan və digər dost ölkələrin nümayəndə heyətlərinin iştirakı konfransa xüsusi məzmun dəyəri və beynəlxalq nüfuz qazandırır:

“Bu forum müasir cəmiyyətin inkişafı baxımından son dərəcə aktualdır. Qloballaşma, informasiya məkanının genişlənməsi, miqrasiya proseslərinin intensivləşməsi və dinin siyasiləşməsi fonunda dövlət və din arasında tarazlaşdırılmış münasibətlərin təmin edilməsi sosial sabitlik və milli təhlükəsizliyin əsas amillərindən biridir”.

Müzəffər Kamilov vurğulayıb ki, Azərbaycanın ardıcıl və səmərəli fəaliyyəti dini tolerantlıq və vicdan azadlığının qorunmasına xidmət edir:

“Bu model dövlətin bütün konfessiyalara qarşı bərabər, qərəzsiz və ədalətli münasibətini təcəssüm etdirir, cəmiyyətdə dini həmrəyliyin, qarşılıqlı hörmətin və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Xüsusilə ölkə cəmiyyətində dinlərarası razılaşma mühitinin formalaşmasında şeyx Allahşükür Paşazadənin xidmətləri böyükdür".

O, həmçinin vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını ümumi tarixi köklər, türk mədəni məkanı və zəngin mənəvi irs birləşdirir:

“Buxara və Səmərqənd, Gəncə və Naxçıvan kimi elm və maarif mərkəzləri vasitəsilə alimlərimiz sıx əlaqədə olmuş, dahi şəxsiyyətlərin – Nizami Gəncəvi və Əlişir Nəvainin irsi ölkələrimizi birləşdirən möhkəm sivilizasiya təməlini formalaşdırmışdır”.

Dövlət müşaviri əlavə edib ki, müasir Özbəkistanda dini və milli dəyərlərin qorunması, dini ekstremizm və radikalizmə qarşı mübarizə prinsipləri ardıcıl şəkildə həyata keçirilir. Ölkədə 130-dan artıq millət və xalq, eləcə də 16 dini konfessiyanın nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır və vicdan azadlığı tam təmin olunmuşdur.

Müzəffər Kamilov bildirib ki, Özbəkistanda 2 373 dini təşkilatdan 2 174-ü İslam dininə, 199-u isə digər konfessiyalara aiddir. Son səkkiz ildə 134 yeni dini təşkilat qeydiyyata alınıb, eləcə də İslam Sivilizasiyası Mərkəzləri, Beynəlxalq İslam Akademiyası və ali dini məktəblər fəaliyyətə başlamışdır.

O vurğulayıb ki, dünyəvi inkişaf yolu müstəqil Özbəkistanın ictimai-siyasi və konstitusion seçimidir və Konstitusiyanın 1-ci maddəsində ölkənin suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlət olduğu təsbit edilmişdir.

Müzəffər Kamilov forum iştirakçılarına bildirib ki, dünyəvilik və dindarlıq anlayışları bir-birini tamamlayan, lakin ayrı-ayrı sahələri tənzimləyən prinsiplərdir və İslamın müqəddəs mənbələri – Qurani-Kərim və Mədinə Xartiyası bu yanaşmanı dəstəkləyir.

Dövlət müşaviri yekun olaraq vurğulayıb:

“Azərbaycan və Özbəkistanın təcrübəsi göstərir ki, ümumi tarix, qohum dil, mədəni məkan və sivilizasiya dəyərləri əsasında dövlət-din münasibətlərində dünyəvilik, sosial sabitlik və dinlərarası tolerantlıq təmin edilə bilər. Forum elmi-ekspert dialoqunun genişləndirilməsinə, təcrübə mübadiləsinə və birgə tədqiqat layihələrinin inkişafına xidmət edəcək”

Müəllif: Günel Fərzəliyeva
Seçilən
30
sia.az

1Mənbələr