Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.
Moderator.az xəbər verir ki, açılış mərasimində Qətər parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi, APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov, eləcə də APA Prezidenti adından Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev iştirak ediblər.
Tədbirdə APA-nın fəaliyyəti, təşkilatın büdcəsi və planlaşdırma məsələləri ətrafında müzakirələr aparılıb. Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.
Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Asiya Parlament Assambleyasının hazırda 44 üzvü mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisi 2024–2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevral ayında Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı olan və parlament sədrlərinin iştirakı ilə 15-ci Plenar iclas keçirilmişdir. APA-ya sədrliyin 2026-cı ilin yanvar ayında Manama şəhərində keçiriləcək Plenar iclasda Bəhreyn Krallığına ötürülməsi nəzərdə tutulur.

