AZ

Milli mətbuatımızın 150 ili:Uğurlar, prioriterlər və perspektivlər

Rəşad Məcid: Media ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməli, onun reklam bazası geniş olmalıdır

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkənin informasiya mühitinin tarixi inkişaf yolunun, formalaşmış peşəkar ənənələrin və mövcud media reallıqlarının obyektiv şəkildə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yubiley medianın cəmiyyətdəki rolunu, söz və ifadə azadlığının məsuliyyət çərçivəsində təmin olunmasını, informasiya təhlükəsizliyi və ictimai etimad məsələlərini bir daha diqqət mərkəzinə gətirir.

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid milli mətbuatın 150 illiyi fonunda qurumun gördüyü işlərdən, Azərbaycan mediasının güclü və zəif tərəflərindən, dezinformasiya ilə mübarizə mexanizmlərindən, beynəlxalq əməkdaşlıqlardan və rəqəmsal dövrün yaratdığı yeni çağırışlardan bəhs edir. Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan prioritetlər və strateji hədəflər barədə mövqeyini bölüşür.

-Azərbaycan milli mətbuatının 150 illik yubileyi fonunda Mətbuat Şurası ölkədə medianın inkişafı, jurnalist peşəkarlığının yüksəldilməsi və informasiya şəffaflığının təmin olunması istiqamətində hansı konkret təşəbbüs və tədbirləri həyata keçirib?

-Mətbuat Şurasının başlıca missiyası quruma daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Bu proses özündə xeyli komponentləri birləşdirir. Məsələn, Şura hansısa media orqanında peşə prinsiplərinin pozulmasını müəyyənləşdirir, müvafiq tövsiyələr verir. Hesab edirəm ki, bunun özü, ümumən, medianın inkişafını, jurnalist peşəkarlığının yüksəldilməsini və informasiya şəffəflığının təminatını rəhbər tutan cəhətdir. Nəzərə alaq ki, Mətbuat Şurasının şikayətlərin araşdırılması missiyası daimi xarakter daşıyır.

Konkret tədbirlərə gəlincə, bilirsiniz ki, Şura il ərzində müxtəlif dövlət qurumları, özəl müəssisələrlə birgə müsabiqələr keçirir. Bu, artıq ənənə halını alıb. Müsabiqələr jurnalist əməyini ayrı-ayrı sahələr üzrə stimullaşdırmaqla yanaşı, eyni zamanda, media təmsilçilərinin peşəkarlıqlarının güclənməsinə də mühüm töhfə verir.

-Bu gün Azərbaycan mediasının mövcud durumunu nəzərə alaraq, onun ən güclü və eyni zamanda inkişaf tələb edən zəif tərəflərini necə dəyərləndirirsiniz?

-Azərbaycan mediası inkişafdadır. Güman edirəm, buna kimsənin şübhəsi yoxdur. Məsələ inkişaf səviyyəsinin hansı temptdə getməsindədir. Əlbəttə, deyə bilmərik ki, durum qənaətbəxşdir. Zəif cəhət elə budur. Güclü tərəfə gəlincə, mediamız yenilikçidir, daim inkişafa can atır və bunun üçün əzm və iradə göstərir. Ümumi şəkildə belə deyərdim. Əlbəttə, mediamızın maddi-texniki bazasının yüksəldilməsinə ehtiyac var. Ümumən, mediamız ölkə iqtisadiyyatının tərkib hissəsi olmalıdır. Təəssüf ki, bu arzumuz hələ də reallığa çevrilməyib. Bundan başqa, bilirsiniz ki, Azərbaycan regionda lider dövlətdir, dünyada söz sahibidir. Belə bir yüksək amplua tələb edir ki, mediamız Cənubi Qafqazda lider mövqeyi ilə kifayətlənməsin, eyni zamanda, dünya mediasının da tərkib hissəsinə çevrilsin. Digər tərəfdən, sevindirici haldır ki, Azərbaycan dünyanın media gündəminin müzakirə olunduğu mühüm platforma statusundadır. Son zamanlar keçirilən D-8 Media Forumu, eləcə də Türkdilli Dövlətlərin Media Forumu buna misaldır. Ən başlıcası, ölkəmiz Şuşa Qlobal Media Forumuna ev sahibliyi kimi mühüm dividendə malikdir. Bu yaxınlarda “Euronews”un Bakı ofisinin açılış mərasimində qurumun İdarə Heyətinin sədri Pedro Vargas David Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirdiklərini söyləyib,  ölkəmizi dünyəvi, müasir, sürətlə inkişaf edən və özünə inamla dolu ölkə adlandırıb. Təsadüfi deyil ki, mütəxəssislər Avropanın ən məşhur kanalının Azərbaycanda ofis açmasını ölkəmizin media sahəsində son 5 ildə qazandığı ən böyük uğurlardan biri hesab edirlər. Ofisin açılışından qısa müddət keçməsinə baxmayaraq, ölkəmiz haqqında maraqlı verilişlərin davamlı nümayişi bu addımın necə vacib və düzgün olduğunun təsdiqidir. Bütün bunlar, istər-istəməz, media orqanlarımızın da fəaliyyət ahənginə müsbət təsirini göstərir. Ümid edirəm ki, inkişafla bağlı pozitiv dəyişiklikləri görmək elə də çox zaman almayacaq.

-Dezinformasiya, manipulyativ məzmun və saxta xəbərlərlə mübarizə sahəsində Mətbuat Şurasının tətbiq etdiyi əsas təsir mexanizmləri və əməkdaşlıq modelləri hansılardır?

-Mətbuat Şurası üçün prinsipial məqam “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın gözlənilməsidir. Şura özünün qərarlarını da qaydaların qorunmasının vacibliyi kontekstində əsaslandırır. Məlum olduğu kimi, qaydaların pozulmasının manipulyativ məzmun, saxta xəbər yayıcılığı kimi təzahürləri var. Yəni, Şura bu təzahürlərə qarşı mübarizə aparır. Qeyd edim ki, Mətbuat Şurası qərarını şikayətləri araşdıraraq çıxarır. Ancaq bəzən elə olur ki, hansısa manipulyativ məzmun və ya saxta xəbər yayıcılığı ictimaiyyətin diqqətini cəlb edir. Şura bu kimi hallarla bağlı bəyanatlar yayır və peşə müstəvisindəki yolverilməz cəhətləri əsaslandırır. Əməkdaşlıq modellərindən danışırıqsa, Mətbuat Şurasının bir sıra xarici ölkələrin jurnalist təşkilatları ilə birgə memorandum imzalamasını qeyd etməliyik. Həmin sənədlərdə, eyni zamanda, manipulyativ məzmun və saxta xəbər yayıcılığına qarşı birgə mübarizə tədbirləri də əksini tapır.

-Dövlət qurumları ilə media subyektləri arasında sağlam və şəffaf informasiya mübadiləsinin təmin olunmasında Mətbuat Şurasının rolu nədən ibarətdir?

-Ümumən, Mətbuat Şurası media ilə ictimaiyyət, həmçinin media ilə dövlət qurumları arasında körpü rolunu oynayır. Şura bu baxımdan kifayət qədər unikal modeldir. Amma bilirsiniz ki, cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir: həm jurnalistlər, həm də dövlət qurumlarının informasiya verilməsinə məsul strukturları. İndiyədək Mətbuat Şurasının bu tərəflərin birgə əməkdaşlığının gücləndirilməsi istiqamətində çoxsaylı layihə və təşəbbüsləri olub. Hesab edirəm ki, bu fəaliyyət həm də sağlam və şəffaf informasiya mübadiləsinin təmin olunmasına mühüm töhfədir.

-Beynəlxalq media qurumları və peşəkar təşkilatlarla əməkdaşlıq Mətbuat Şurasının fəaliyyətində hansı əhəmiyyətə malikdir və bu əməkdaşlıq yerli medianın inkişafına nə kimi töhfələr verir?

-Bir qədər əvvəl bu barədə söz açdım. Bildirdim ki, Mətbuat Şurasının dünyanın müxtəlif ölkələrinin jurnalist birlikləri ilə əməkdaşlıq memorandumu var. Məsələn, bu il Özbəkistan Jurnalistlər İttifaqı ilə belə bir sənədimiz oldu. Noyabrın 8-də isə Alanyada Şura ilə Türkiyənin Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq protokolu imzalandı.Onu da deyim ki, Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvüdür. Şura hər iki qurumun toplantılarında ölkəmizi təmsil edir. Əlbəttə, bu təşkilatlarla əməkdaşlıq istər şikayətlərin araşdırılması prosesində, istərsə də yeni media trendləri ilə təmaslardakı təcrübəmizi artırır, dünya media məkanındakı tendensiyaları izləməyimizə şərait yaradır. Əlbəttə, bizim, belə demək mümkünsə, hədəfimiz yerli mediadır. Düşünürəm ki, təcrübəmiz həm ölkəmizin media orqanlarının, həm də jurnalistlərimizin fəaliyyətinin təkmilləşməsinə töhfələr verir.

-Media islahatları kontekstində hazırda həllini gözləyən əsas problem və ya institusional boşluq hansıdır?

-Mediamızdakı problemləri vurğuladım. Vurğuladım ki, media ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməli, onun reklam bazası geniş olmalıdır. Bütövlükdə media özünü maliyyələşdirməyi bacaran, bir növ, biznes strukturu rolunda çıxış etməlidir. Əlbəttə ki, bu struktur heç də o demək deyil ki, media yalnız kommersiya maraqlarını rəhbər tutmalıdır. Unutmaq olmaz ki, onun ictimai missiyası var. Digər tərəfdən, hazırda media sahəsində problemlərin mövcudluğu heç də media islahatlarının institsional çatışmazlığı kimi qiymətləndirilə bilməz. Nəzərə alaq ki, islahat özlüyündə davamlı həyata keçirilməli prosesdir. Hesab edirəm ki, Azərbaycanda media sahəsində yetərincə təkmil kurs seçilib və ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Prezident İlham Əliyevin şəxsində bu siyasət üçün müstəsna iradə sahibi var. Amma müəyyən məsələlər də var ki, onların həllinin zamana ehtiyacının olduğu qənaətindəyəm. Mən boşluqların aradan qalxacağına inanıram. Mediamızın gələcəyinə nikbin yanaşmanın tərəfdarıyam.

-Rəqəmsal medianın sürətlə genişləndiyi bir dövrdə Mətbuat Şurası ənənəvi və yeni media platformalarında keyfiyyət, etik normalar və peşə məsuliyyətinin qorunmasını hansı mexanizmlərlə tənzimləyir?

 -Çox vacib məqama toxundunuz. Bəli, rəqəmsal mediaya keçid dövründə yaşayırıq. Bu dövrün öz xarakteri var. Vaxt var idi ki, Mətbuat Şurası, demək olar, ancaq qəzetlərlə bağlı şikayətləri araşdırırdı. Yəni, qəzet materiallarından şikayətləri. İndi narazılıqların böyük əksəriyyəti internet informasiya resurslarındandır. Hətta, sosial şəbəkələrdə yayılmış məzmunlardan da şikayətlər qeydə alırıq. Əlbəttə, bizim istinad nöqtəmiz “Azərbaycan Jurnalistlərinin Etk Davranış Qaydaları”dır. Çünki, mahiyyətcə, prinsiplər dəyişməzdir. Yanlış məzmun yayılırsa, harada yayılmasından asılı olmayaraq, ona qiymət verilərkən, peşə prinsipləri ön plana çıxır. Daha doğrusu, onların pozulmasının yolverilməzliyi.

-2026-cı il üçün Mətbuat Şurasının fəaliyyət strategiyasında hansı yeni hədəflər və prioritet istiqamətlər ön plandadır?

 -Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildə keçirilmiş sonuncu iclasında iki başlıca məsələ müzakirə olundu. Birincisi, Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi, ikincisi, qurumun nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılması. Düşünürəm ki, hər iki istiqamət son dərəcə vacibdir. Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından söz açdı. Media isə bilavasitə dil hadisəsidir. Buna görə dövlətimizin başçısının fikirləri Mətbuat Şurası qarşısında məsuliyyət müəyyənləşdirir. Hesab edirəm ki, Dil Komissiyasının yeni tərkibi səmərəli fəaliyyət göstərəcək, konkret iş planı hazırlayacaq. İkinci məsələyə gəldikdə, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının daha çox beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraklarına ehtiyac var. Çünki söz və ifadə azadlığı ilə əlaqəli məsələlər ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir. Belə durumlarda jurnalist təşkilatlarının fəallığı mütləqdir. Deməli, onların işlərinin sistemləşdirilməsi vacibdir. Düşünürəm ki, Mətbuat Şurasının nəznində fəaliyyət göstərəcək Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi bu ehtiyacı qarşılayacaq. Mərkəz gələn il konkret iş strategiyasını müəyyənləşdirəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
32
ikisahil.az

1Mənbələr