AZ

Müzəffər Kamilov: Azərbaycanın dövlət din modeli regional sabitlik üçün nümunədir

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında qurulması sosial sabitliyin, dini tolerantlığın və vicdan azadlığının təmin olunmasına xidmət edən uğurlu model kimi diqqət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, qloballaşma, miqrasiya prosesləri və dinin siyasiləşməsi fonunda dövlət və din arasında balanslaşdırılmış münasibətlərin qurulması milli təhlükəsizliyin əsas amillərindən biridir və bu baxımdan Azərbaycanın təcrübəsi xüsusi maraq doğurur. Kamilov vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiq qalmaqla bütün dini konfessiyalara qarşı bərabər, qərəzsiz və ədalətli münasibət nümayiş etdirir.

Rektor həmçinin əlavə edib ki, Azərbaycan cəmiyyətində dinlərarası razılaşma mühitinin formalaşdırılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin xidmətləri mühüm rol oynayır və onun adı müasir Özbəkistanda da geniş tanınır.

Kamilov diqqətə çatdırıb ki, Azərbaycan və Özbəkistan xalqlarını ümumi tarixi köklər, türk mədəni məkanı və zəngin mənəvi irs birləşdirir. O əlavə edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahi şəxsiyyətlərin irsi iki xalq arasında möhkəm sivilizasiya bağlarının əsasını təşkil edir.

Rektor qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində hər iki ölkədə dövlət-din münasibətləri sahəsində konstitusion normalara ciddi riayət edilir, dini ekstremizm və radikalizmə qarşı ardıcıl mübarizə aparılır.

Onun sözlərinə görə, hazırda Özbəkistanda 130-dan artıq millət və xalqın, 16 dini konfessiyanın nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır, vicdan azadlığı tam təmin olunub. Ölkədə fəaliyyət göstərən 2 373 dini təşkilatdan 2 174-ü İslam dininə, 199-u isə digər konfessiyalara aiddir.

Kamilov deyib ki, dünyəvilik Özbəkistanın konstitusion seçimidir və bu anlayış vicdan azadlığı, dinlərin qanun qarşısında bərabərliyi və dinin siyasətdən ayrılması prinsiplərinə əsaslanır. O bildirib ki, dünyəvilik və dindarlıq bir-birini inkar etmir, əksinə, insan həyatının mahiyyətini dərk etməyin tamamlayıcı formalarıdır.

Rektor vurğulayıb ki, Azərbaycan və Özbəkistanın təcrübəsi türk dünyasında dünyəvi dövlətçilik, sosial sabitlik və dinlərarası tolerantlığın təmin olunmasının mümkün və səmərəli yolunu nümayiş etdirir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
bakivaxti.az

1Mənbələr