Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“İslamın uca həqiqətlərinin və ümumbəşəri prinsiplərinin həyata tətbiq edildiyi dövrlərdə insanlar əsas hüquq və azadlıqlarını tam mənada əldə etməyin rahatlığını və sevincini yaşamışlar. Mədəniyyət tariximiz, xüsusilə də dil və vicdan azadlığı sahəsində bəşəriyyətin ən parlaq nümunələrinə şahid olmuşdur".
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
Safi Arpaquş bildirib ki, İslam sivilizasiyası çərçivəsində insanlar dini etiqadlarını sərbəst şəkildə seçmək və yaşamaq imkanına malik olublar: “Türküstandan Əndəlüsə qədər uzanan geniş coğrafiyada insanlar bütün fərqlilikləri ilə birlikdə İslamın sakitlik bəxş edən iqlimində sülh və əmin-amanlıq içində yaşamışlar. Bu, hər cür fərqliliyi zənginlik kimi qəbul edən dərin və köklü sivilizasiya şüurunun təzahürüdür”.
O vurğulayıb ki, təhlükəsizlik və ictimai harmoniya yalnız əsas hüquq və azadlıqların tam təmin olunduğu mühitlərdə mümkündür: “Birlik və bərabərlik ruhu, ictimai həmrəylik və paylaşma mədəniyyəti məhz belə mühitlərdə yaşaya və inkişaf edə bilər”.
Diyanət İşləri İdarəsinin sədri son əsrlərdə baş verən qlobal proseslərə də toxunub: “Təəssüf ki, son bir neçə əsrdə bəşəriyyət ciddi sınaqlardan keçib, bu proseslər İslam dünyasının da güc və təsirinin zəifləməsinə, müsəlmanların qlobal miqyasda passiv mövqeyə düşməsinə səbəb olub".
Safi Arpaquş qeyd edib ki, müasir dövrdə insanlıq tarixin ən mürəkkəb mərhələlərindən birini yaşayır: “Siyasi, iqtisadi, əxlaqi və mənəvi problemlərin bütün dünyanı bürüdüyü bir zamanda əsas hüquq və azadlıqları görməzdən gələn, din və vicdan azadlığını heçə sayan yanaşmalar təhlükəsizlik mühitini pozur və bəşəriyyətin ortaq gələcəyini təhdid edir".
O əlavə edib ki, müqəddəs dəyərlərə və məkanlara qarşı hücumların azadlıq adı altında təqdim edilməsi ciddi fəsadlara yol açır: “Bu azğın düşüncə tərzinin doğurduğu hüquq pozuntuları nəticəsində dünya getdikcə daha xaotik bir məkana çevrilir".
Safi Arpaquş çıxışında humanitar böhranlara da diqqət çəkib: “Bu gün başda Fələstin olmaqla dünyanın bir çox bölgəsində müharibə, işğal və qətliamlar səbəbindən milyonlarla insan ən əsas hüquqlardan məhrum edilir, aclıq, yoxsulluq və səfalət içində yaşamaq uğrunda mübarizə aparır".
O vurğulayıb ki, bu reallıqlar beynəlxalq ictimaiyyəti insan hüquqları, vicdan azadlığı və ədalət prinsiplərinə yenidən qayıtmağa çağırır: “Əks halda, bəşəriyyətin ortaq gələcəyi daha ciddi təhlükələrlə üz-üzə qala bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.