AZ

Tarixi nailiyyətlər əldə edən Lider



Artıq 22 ildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın etimadına və dəstəyinə söykənərək ölkəmizi davamlı inkişaf, sabitlik və tərəqqi yolunda ardıcıl uğurlara doğru inamla aparır. Qlobal iqtisadi çətinliklər, pandemiyanın yaratdığı ağır şərait, eləcə də müxtəlif beynəlxalq təzyiqlər fonunda dövlət başçısının nümayiş etdirdiyi çevik idarəçilik, sarsılmaz siyasi iradə və qətiyyət Azərbaycanda mövcud olan ümumxalq birliyini daha da möhkəmləndirmişdir. Son Prezident və parlament seçkilərindən sonra ölkədə start verilmiş islahatlar keyfiyyət baxımından yeni mərhələyə keçmiş və bu proses bu gün də Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və effektiv şəkildə davam etdirilir.
Xüsusilə vurğulanmalıdır ki, 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri tarixi əhəmiyyət daşıyaraq Zəfər seçkisi kimi yadda qaldı. Müstəqillik dövründə ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda təşkil edildi. 2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində həlledici və tam qələbə qazanaraq tarix yazdı. Bu savaş nəticəsində 300-dən artıq şəhər və kənd işğaldan azad edildi. Qarşı tərəf məğlubiyyətini qəbul edərək ağ bayraq qaldırdı və 9–10 noyabr gecəsi kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Vətən müharibəsi Prezidentin qətiyyətli mövqeyi, xalq–ordu birliyi və Azərbaycan Ordusunun gücü sayəsində möhtəşəm Zəfərlə yekunlaşdı.

Bu Qələbənin məntiqi davamı kimi 2023-cü ilin sentyabr ayında Azərbaycan tərəfindən həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edildi. 2003-cü ildə ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində Azərbaycan xalqına milli maraqları qoruyacağına və ərazi bütövlüyünü bərpa edəcəyinə söz verən cənab İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdı. Bununla da dövlət başçısı həm xalq qarşısında verdiyi vədlərə, həm də Ulu Öndər Heydər Əliyevin tarixi vəsiyyətinə tam əməl etmiş oldu.

Cənab Prezident İlham Əliyevin fəaliyyəti müasir dövrdə rasional və məqsədyönlü idarəçiliyin bariz nümunəsi kimi qiymətləndirilir. Ölkə daxilində aparılan islahatlar və Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu göstərir ki, dövlət başçısının formalaşdırdığı siyasi idarəetmə modeli yüksək effektivliyə malikdir. Prezident öz fəaliyyətində analitik düşüncəyə, məntiqi yanaşmaya, milli maraqlara və siyasi realizmə əsaslanan nümunəvi siyasi xətt ortaya qoymuşdur. Onun rəhbərliyi ilə siyasi sistemimizdə yüksək siyasi mədəniyyət, milli-mənəvi dəyərlərə uyğun etik davranış və məsuliyyət prinsipləri formalaşmışdır. Bu siyasət müasir Azərbaycanın güclənməsinə və milli-mənəvi irsin qorunmasına xidmət edir.

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) da bu siyasətin ümumbəşəri dəyərlərə əsaslandığını bir daha sübut etdi. Azərbaycan bu mötəbər tədbir vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi qazandığı mövqeni daha da möhkəmləndirdi. COP29 Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti, siyasi iradəsi və beynəlxalq nüfuzu nəticəsində ölkəmizin əldə etdiyi növbəti mühüm uğur kimi tarixə düşdü. Konfransın nəticələri qlobal iqlim problemləri ilə mübarizədə bəşəriyyət üçün əhəmiyyətli addım kimi dəyərləndirildi.

Ölkə Prezidenti İlham Əliyevin daxili siyasətində gənclərlə bağlı məsələlər xüsusi yer tutur. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasəti ilk növbədə gələcəyə hesablanaraq gənclərin intellektual və yaradıcılıq potensialından maksimum istifadə edilməsini nəzərdə tutur. Gənclərin bilikli, vətənpərvər və peşəkar kadrlar kimi formalaşmasına yönəlmiş tədbirlər dövlətin uzaqgörən strategiyasının göstəricisidir. Gənc ailələrin sosial müdafiəsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və kreativ düşüncənin təşviqi bu siyasətin əsas istiqamətlərindəndir. Bu gün Azərbaycan gəncliyi yüksək intellektual səviyyəyə, güclü milli düşüncəyə və vətənpərvərlik ruhuna malikdir. Dövlətin davamlı dəstəyi nəticəsində gənclərin özünəinamı və gələcəyə baxışı ən yüksək səviyyəyə yüksəlmişdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Seçilən
30
aia.az

1Mənbələr