ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə Azərbaycan-İran münasibətləri regionda baş verən geosiyasi dəyişikliklər fonunda yenidən diqqət mərkəzinə çıxıb. İran Prezidenti Məsud Pezeşkianın Prezident İlham Əliyevə ad günü münasibətilə zəng etməsi və telefon danışığında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələrin aparılması bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
Bu addım təkcə diplomatik etiket nümunəsi deyil, eyni zamanda tərəflərin siyasi niyyətləri barədə mesaj xarakteri daşıyır. Xüsusilə 2026-cı ildə təmasların davam etdiriləcəyinə dair vurğular münasibətlərin gələcək trayektoriyasına işarə edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən politoloq Züriyyə Qarayeva hesab edir ki, bu telefon danışığı, ilk növbədə, tərəflər arasında siyasi dialoqun qorunub saxlanıldığını göstərir. Onun sözlərinə görə, son illərdə münasibətlərdə müəyyən gərginlik elementləri müşahidə olunsa da, liderlər səviyyəsində birbaşa əlaqə bu risklərin idarə olunduğunu nümayiş etdirir. İranın yeni siyasi rəhbərliyinin Azərbaycanla münasibətlərdə daha praqmatik xətt axtarışında olması bu zəngdə açıq hiss olunur:
“Eyni zamanda, bu addım qarşılıqlı hörmət və diplomatik nəzakət çərçivəsində atılmış simvolik bir jestdir. Belə jestlər münasibətlərin tamamilə donuq vəziyyətə düşməsinin qarşısını alır. Ümumilikdə, bunu mövcud mərhələdə pozitiv, amma ehtiyatlı optimizm yaradan bir siqnal kimi qiymətləndirmək olar”.
Müsahibimiz qeyd edib ki, danışıqda 2026-cı ildə təmasların davam etdirilməsinin vurğulanması münasibətlərin qısamüddətli deyil, daha geniş zaman kəsiyində planlaşdırıldığını göstərir. Tərəflər regional proseslərin sabit olmadığını anlayır və buna görə də davamlı dialoqa ehtiyac duyurlar. 2026-cı il perspektivi əməkdaşlığın institusional çərçivəyə salınması niyyətindən xəbər verir. Politoloqa görə, bu, həm də siyasi mesajdır ki, münasibətlər situativ deyil, strateji baxışla qurulmaq istənir:
“Regionda yeni layihələr və təhlükəsizlik çağırışları fonunda bu cür planlaşdırma mühüm əhəmiyyət kəsb edir. Beləliklə, bu vurğu tərəflərin gələcəyə yönəlik qarşılıqlı maraqlarını ortaya qoyur”.

Züriyə Qarayeva: Bu dialoq digər regional aktorlar üçün də müəyyən balanslaşdırıcı rol oynaya bilər
Bu təmasların regional siyasi proseslərə hansı təsirləri göstərə biləcəyinə gəlincə, Z.Qarayeva deyib ki, Azərbaycan-İran dialoqu Cənubi Qafqazda ümumi siyasi atmosferə təsir edən faktorlardan biridir. Davamlı təmaslar regionda gərginlik risklərini azalda və kommunikasiya kanallarını açıq saxlaya bilər. Dediyinə görə, xüsusilə nəqliyyat, enerji və sərhəd təhlükəsizliyi məsələlərində koordinasiya imkanları arta bilər:
“Bu dialoq eyni zamanda digər regional aktorlar üçün də müəyyən balanslaşdırıcı rol oynaya bilər. İran və Azərbaycanın anlaşma axtarışları regionda qarşıdurma yox, dialoq modelini təşviq edir. Bu baxımdan, telefon danışığı təkcə ikitərəfli deyil, regional kontekstdə də əhəmiyyətlidir”.
Həmsöhbətimiz bildirib ki, liderlər səviyyəsində birbaşa əlaqə etimadın formalaşmasında mühüm mexanizmdir. Bu cür təmaslar yanlış anlaşılmaların vaxtında aradan qaldırılmasına imkan verir. Diplomatik kanalların açıq qalması həssas məsələlərin eskalasiyasının qarşısını ala bilir. Eyni zamanda, siyasi iradənin mövcudluğu qarşı tərəfə aydın şəkildə ötürülür. Etimad bir anda yaranmır, amma bu cür müntəzəm əlaqələr onu tədricən möhkəmləndirir.
“Nəticə etibarilə, yüksək səviyyəli dialoq Azərbaycan-İran münasibətlərində daha sabit və proqnozlaşdırıla bilən mühitin formalaşmasına xidmət edir”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.