AZ

205 nömrəli avtobus gedişhaqqını 65 qəpik etdi “BakuBus” üzr istədi

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Redaksiyamıza Bakıda normalda 60 qəpik gedişhaqqı ilə fəaliyyət göstərən 205 saylı avtobusun sərnişinlərdən artıq ödəniş tələb etməsi ilə bağlı şikayət daxil olub.

Redaktor.az-a daxil olan müraciətə əsasən, hadisə dünən səhər saat 07:30 radələrində qeydə alınıb. Bildirilib ki, 60 qəpik gedişhaqqı ilə işləməli olan avtobus sərnişinlərin kartından və mobil tətbiqdən 65 qəpik məbləğində vəsait çıxıb. Xüsusilə mobil tətbiqi cihaza yaxınlaşdıranlar "balansınızda vəsait yoxdur" sözləri ilə qarşılaşdıqda, sürücü onlara "65 qəpik vurun, keçəcək" deyə səslənib. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub ki, rəsmi qiymət artımı olmadan əlavə 5 qəpik ödəniş edirlər.

Vətəndaşların şikayətinə cavab olaraq "BakuBus" MMC-dən Redaktor.az-a bildirildi ki, ötən gün “BakuBus” MMC-nin istismarında olan 205 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların birində gedişhaqqı ilə bağlı texniki anlaşılmazlıq yaranıb:

"Məlumat üçün bildiririk ki, 205 nömrəli marşrut xətti üzrə gedişhaqqı 0,60 manat nəzərdə tutulub. Sözügedən avtobus bir gün əvvəl “BakuBus” MMC-nin istismarında olan 172 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərib və həmin marşrut üzrə gedişhaqqı 0,65 manat təşkil edir. Sürücülər hər gün xəttə çıxmazdan əvvəl validator cihazında marşrutun nömrəsini sistemdə yeniləyirlər. Bu proses iki mərhələdə həyata keçirilir. Texniki səbəbdən sürücü mərhələlərdən yalnız birini aktiv edib, digər mərhələni isə diqqətsizlik nəticəsində aktivləşdirməyib. Nəticədə səhər saatlarında sərnişinlər avtobusa minəndə validator cihazı 0,60 manatlıq ödənişi qəbul etməyib və ödənişlər 0,65 manat məbləğində həyata keçirilib. Videomüşahidə kameraları görüntülərinin təhlili zamanı sürücünün də baş verən texniki uyğunsuzluğu dərhal anlamasının mümkün olmadığı müəyyən edilib. Sürücü sərnişinləri son dayanacağa çatdırdıqdan sonra məsələ ilə bağlı Monitorinq Mərkəzinə məlumat verib. Monitorinq Mərkəzinin müdaxiləsindən və müvafiq izahdan sonra problem operativ şəkildə aradan qaldırılıb.

Hadisə ilə bağlı sürücü ilə profilaktik söhbət aparılıb, ona bu kimi halların baş verməməsi üçün daha diqqətli olması barədə müvafiq tapşırıqlar verilib. “BakuBus” MMC olaraq yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
redaktor.az

3Mənbələr