AZ

Prezidentin “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ünvanladığı dəyərli töhfə

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub.

Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevin Prezident olduğu dövrə düşür. Eyni zamanda, indiyə qədər dövlət başçısının imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir. Qürurla deyə bilərik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. 

Min illər boyu xalqımızın böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri bu gün artıq dövlət siyasətində davam etdirilir. Məlumdur ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktlarının qəbul edilməsi də tarixi ənənəyə sədaqətin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ünvanlanan dəyərli töhfədir.

Amnistiya qərarından ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin, habelə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin iştirakçılarının, şəhid ailələrinin və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının faydalanacağı təqdirəlayiq haldır. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan dövləti torpaqlarımızın azadlığı və suverenliyimizin təmin olunması uğrunda vuruşmuş, canlarını fəda etmiş qəhrəman övladlarını və onların ailələrini heç vaxt unutmur.

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Seçilən
17
1
modern.az

2Mənbələr