Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Ukraynanın uzunmüddətli xarici valyuta ilə ifadə olunan kredit reytinqini “məhdud defolt” səviyyəsindən “CCC”-yə yüksəldib.
Marja xəbər verir ki, Fitch tərəfindən yayımlanan açıqlamada reytinq artımının əsas səbəbi kimi Ukraynanın borcların restrukturizasiyası istiqamətində əldə etdiyi irəliləyiş göstərilib.
Fitch-in adətən “CCC+” və ya daha aşağı reytinqə malik ölkələr üçün reytinq proqnozunu açıqlamadığı qeyd olunan bəyanatda, reytinq artımının Ukraynanın xarici kommersiya kreditorlarının böyük əksəriyyəti ilə münasibətlərinin normallaşmasını əks etdirdiyi vurğulanıb.
Açıqlamada, Avropa İttifaqının (Aİ) 19 dekabr tarixində Ukraynaya 90 milyard avro maliyyə vəsaiti ayırmaq qərarının ölkənin bir ildən artıq müddət üçün maliyyələşmə ehtiyaclarını qarşılayacağı və qısamüddətli borc dayanıqlılığı risklərini azaldacağı bildirilib.
Reytinq artımına baxmayaraq, Ukraynanın kredit reytinqi investisiya üçün uyğun səviyyədən aşağı olaraq qalmaqda davam edir.