Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşlarının sayı yetərincə çoxdur və bu məsələdə qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. Orada ölənlərin 90 faizinin demək olar ki, meyiti tapılmır və itkin kimi qeydiyyata alınırlar”.
Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış hərbi bloger Tofiq Şahmuradov deyib.
O bildirib ki, döyüşlərdə iştirak edən azərbaycanlılara şirnikləndirici hal kimi Rusiya vətəndaşlığı verilir:
“Həmyerlilərimizin Rusiya-Ukrayna müharibəsində iştirak etməsinin başlıca səbəblərindən biri sosial problemlərdir. Daha dəqiq desək, insanların maddi durumunun aşağı olmasıdır. Həmin şəxslər döyüşə göndərilməmişdən qabaq -müqavilə imzalayan zaman onlara Rusiya vətəndaşlığı verilir. Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşlarımızın hansısa ölkənin silahlı birləşmələrinin tərkibində döyüşməsi cinayət məsuliyyəti yaradır. Ruslar bunu nəzərə alaraq, döyüşdə iştirak edənlərə Rusiya vətəndaşlığı verirlər”.

T.Şahmuradov vurğulayıb ki, ruslar bir çox hallarda cəbhə bölgəsində öldürülənləri itkin kimi qələmə verir:
“Rusiya kəşfiyyat orqanları insanları pulla şirnikləndirir və aldadır. Belə şəxslərə arxa cəbhədə xidmət edəcəkləri və aktiv döyüş zonalarından uzaq olacaqları ilə bağlı yalançı vədlər verirlər. Həmin şəxsləri aldadıb cəhbəyə göndərənlərin özlərinin maddi maraqları var. Hər cəlb etdikləri şəxsə görə müəyyən faiz alırlar. Bu qədər itkinin olmasının əsas səbəbi isə vəd olunan kompensasiyanın Rusiya tərəfindən ödənilməməsidir. Ruslar döyüşdə həlak olanları itkin kimi qeydiyyata alırlar və deyirlər ki, həmin şəxslər ya Ukrayna tərəfinə əsir düşüb yaxud təslim olub. Bu kimi bəhanələrlə məsələni uzadırlar. Gərək həlak olan şəxsin valideyni, yaxını vəkil tuta və gedib aylarla bu işin üzərinə düşə ki, kompensasiyanı ala bilsin”.
T.Şahmuradov Rusiya ordusunun tərkibində döyüşərək yaralılanların döyüş meydanından çıxarılmaması ilə bağlı iddialara da münasibət bildirib:
“Demək olmaz ki, ruslar heç bir yaralını döyüş meydanından çıxarmır. Yaralanan insanların bəzilərini tanıyıram ki, onlar döyüş meydanından çıxarılıblar. Sadəcə bu, döyüşün gedişatından asılıdır. Hücumda iştirak edən qrupların yaralı çıxarması qadağandır. Çünki onlara deyilir ki, arxadan hərəkət edən sanitar qüvvə yaralıları götürəcək. Tutaq ki, 20 nəfər hücuma gedirsə, onların biri yaralanan zaman, 4 nəfər həmin yaralını çıxarmaqla məşğul olduqda, hücuma gedən qüvvənin sayı azalacaq və hücum pozulacaq. Döyüş o qədər intensiv və ağır şəraitdə gedir ki, atəş altından yaralı çıxarmaq müşkül məsələyə çevrilir”.

O, Ukraynadakı müharibəyə ən çox kimlərin cəlb edildiyini də açıqlayıb:
“Döyüşlərə ən çox cəlb olunanlar bazarlarda işçi qüvvəsi kimi fəaliyyət göstərənlərdir. Əvvəllər belə şəxsləri pulla şirnikləndirirdilər. Sonralar həmin adamlar ayıldı ki, bura “ət maşınıdır” və gedənlərin əksəriyyəti geri qayıtmır. Ona görə də imtina etməyə başladılar. Bu dəfə Rusiya xüsusi xidmət orqanları həmin adamları müxtəlif yollarla ilişdirirlər. Bəzilərini narkotiklə, bəzilərini isə başqa cinayət işləri ilə məhkəmələrə çıxardırlar. Məhkəmədə deyildi ki, sənə filan cinayətə görə 12 il həbs düşür. Yox əgər istəyirsənsə 6 aylıq müqavilə bağla və səni cəbhə bölgəsinə göndərək. İstəməsən, 6 aydan sonra müqaviləni uzatmazsan və geri qayıdarsan. Həmin adam da fikirləşir ki, 12 il gedib türmədə yatmaqdansa, cəbhə bölgəsində 6 ayı birtəhər yola verərəm və çıxıb gələrəm. İnsanların əksəriyyəti məhz bu yolla döyüş bölgələrinə göndərirlər”.
Qeyd edək ki, Ukraynada davam edən müharibədə həlak olan Azərbaycan vətəndaşlarının sayı xeyli artıb. Onlar arasında həm Rusiya, həm də Ukrayna ordusunda döyüşənlər var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.