AZ

Tarix yazan Prezident

Zaman göstərir ki, Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində çox müdrik qərarlar qəbul edib. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevi xilaskar lider kimi Azərbaycana çağırıb böyük bəlalardan qurtulan xalq 10 il sonra Ulu Öndərin çağırışını düzgün qiymətləndirib. 2003-cü il oktyabrın 15-də ölkədə keçirilən Prezident seçkilərində etdiyi seçimi ilə cənab İlham Əliyevə böyük etimad mandatı verən xalq indi tarixinin ən qüdrətli Azərbaycanının şöhrəti, qlobal nüfuzu ilə qürur duyur, fəxarət hissi keçirir. Bütün bu möhtəşəm nailiyyətlərin müəllifi məhz Prezident İlham Əliyevdir.  

1990-cı ilin noyabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvanda qaldırdığı üçrəngli müqəddəs simvolumuzun 30 ildən sonra Müzəffər Ali Baş Komandan, böyük Zəfərin memarı İlham Əliyev tərəfindən məhz noyabr ayında Şuşada ucaldılması tarixi qələbəmizin böyük nidası oldu.   

Peşəkar siyasətçi, uğurlu dövlət xadimi və milli maraqların dönməz müdafiəçisi

Əslində, cənab İlham Əliyevin adı Azərbaycan seçicisi üçün həmin vaxt yad deyildi. Ulu Öndər əksər tədbirlərə, səfərlərə məhz cənab İlham Əliyevlə birgə gedirdi. "Xalqın gözü tərəzidir" atalar məsəli burada yerinə düşür. Xalq yaxşı görürdü ki, cənab İlham Əliyev lider kimi yetişməkdədir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla realizəsində əsas pay bu proseslərin memarı kimi məhz, ARDNŞ-nin vitse-prezidenti cənab İlham Əliyevin idi. Azərbaycan cəmiyyəti bunları görür və anlayırdı. Eyni zamanda cənab İlham Əliyevin qanunverici orqanın, Milli Məclisin deputatı, xüsusən AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri, o cümlədən AŞPA-nın vitse-prezidenti kimi uğurlu fəaliyyəti artıq onun peşəkar siyasətçi, uğurlu dövlət xadimi və milli maraqların dönməz müdafiəçisi olduğu haqda heç kimdə şübhə doğurmurdu. 

Beləliklə, Azərbaycan 2003-cü ildə tamamilə yeni bir eraya qədəm qoyaraq özünün ən qüdrətli dönəminə doğru inamla irəliləməyə başladı. Ulu Öndərin müəyyənləşdirdiyi yol xəritəsi isə kifayət qədər aydın idi. 

Prezident İlham Əliyev iqtidarının əsas diqqətçəkən xüsusiyyətlərindən biri də dayanıqlı inkişafın dövlət siyasətinin mütləq prioritetinə çevrilməsi oldu. Daxili sabitlik, xalq-iqtidar birliyi dövlət başçısına çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi. Nəticədə son 22 ildə bütövlükdə dövlətçilik tariximizdə olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artdı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi. 

Prezident İlham Əliyevin siyasi lider kimi əsas xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, şəxaləndirilmiş fəaliyyəti peşəkarcasına idarə edir və nəticədə inkişaf bütün sahələri əhatələyə bilir. Bu isə konstitusion səviyyədə bəyan olunmuş niyyətlər və dövlətin ali məqsədlərinə doğru inamlı həmlələrin uğurlu hasilinə səbəb olur.

Əlbəttə, lider amilinə baxış milli mental düşüncə və təfəkkür tərzinə görə dəyişir. Bu mənada Qərbin uğurlu siyasi xadimlərinin Şərqdə, Şərqin tarix yazan liderlərinin isə Qərbdə lazımi formada qiymətləndirilməməsinə çoxsaylı tarixi nümunələrdə və hətta müasir dövrdə, qloballaşma şəraitində belə rast gəlirik. Lakin cənab İlham Əliyev Heydər Əliyevdən sonra həm də qlobal miqyasda daha sərt şərtlərdə, ictimai nəzarətin radikallaşdığı, neonasizmin, neokolonizmin gücləndiyi və Şərq-islam dünyasına yenidən yuxarıdan baxmaq cəhdlərinin artdığı bir dövrdə bütün qütblərdə qəbul olunan yeganə Azərbaycanlı siyasi xadimdir. 

Tarixdə ilk dəfə məhz cənab İlham Əliyev coğrafi mövqeyimizi Azərbaycan üçün kapitala çevirib. Bu mürəkkəb konfiqurasiyanın formalaşması isə Azərbaycana regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələrdə aparıcı rola sahib olmasını, bütün proseslərdə milli maraqlarımızla hesablaşılmasını təmin edib. Cəmi 30 il əvvələ qədər xəritədə belə yeri bilinməyən Azərbaycan məhz cənab İlham Əliyevin sayəsində artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və müddəti dövründə sədrlik edən, habelə dünyanın ikinci böyük təşkilatı Qoşulmama Hərəkatına rəhbərlik etməkdə olan qlobal lider subyektlərdəndir. Üstəlik, cənab İlham Əliyev bəşəri dəyərləri və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla, Azərbaycanın beynəlxalq siyasətə təsir rıçaqlarını genişləndirməkdədir. Bu prosesdə Prezidentin şaxələndirilmiş enerji siyasəti ayrıca qızıl səhifə kimi qeyd olunmalıdır. 

Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasətdəki müdrik və uğurlu addımları ilə Azərbaycanın regional və beynəlxalq arenada mövqeyini gücləndirmişdir. Onun dahi siyasətini anlamaq üçün rəhbərliyindəki Azərbaycanın keçdiyi yolda atdığı mühüm addımlar və strateji qərarlar incələnməlidir.

Liderlik, islahatlar və strateji addımlar

Ötən 22 illik dövrü təhlil etsək, aydın şəkildə müşahidə edə bilərik ki, Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın və Şərqi Zəngəzurun azadlığına bir addım daha yaxınlaşdırıb. Cənab İlham Əliyev ilk növbədə həyata keçirdiyi məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlərlə ölkəmizi iqtisadi cəhətdən tam müstəqil olan suveren gücə çevirməyə nail olub. 

Prezident İlham Əliyevin Azərbaycanın lideri olaraq rəhbərliyi dövrü, ölkənin iqtisadi, siyasi, sosial və beynəlxalq sahələrdə ciddi transformasiyalara uğradığı illər olub. 2003-cü ildən bəri başında olduğu Azərbaycan, cənab İlham Əliyevin viziyonu ilə yeni mərhələyə qədəm qoyub, həm daxili, həm də xarici siyasətdə strateji qərarlarla inkişaf edib. 

Sözü imzası qədər keçərli olan, nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən möhtərəm Prezident İlham Əliyev hələ illər öncə vurğulayırdı ki,  iqtisadiyyatımız nə qədər güclü olsa, siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaq. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas şərtdir. Son illərdə dünya iqtisadiyyatında yaşanan qlobal problemlər, siyasi gərginliklər, hərbi münaqişələr, müharibələr, toqquşmalar bir daha onu deməyə əsas yaratdı ki, istənilən sahədə qalib gəlməyin əsas şərtindən biri iqtisadi müstəqillikdir. İqtisadi güc bütün sahələrdə qalib gəlməyin bazisidir. 

İki həftə öncə Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi qəbul olundu. Bu müstəqillik tariximizin ən böyük büdcəsi idi. Belə ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. 

Əlbəttə ki, bu göstərici son 22 ildə əldə edilmiş iqtisadi uğurların nəticəsidir. 22 il öncə ilə müqayisə aparsaq görərik ki, 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 2 milyard 220,9 milyon manat, valyuta ehtiyatları 1,6 milyard dollar olan ölkənin bu gün 40 milyard manata yüksələn büdcəsi, 82,5 milyard dollar olan valyuta ehtiyatları var. Bu isə möhtəşəm yüksəlişin real təcəssümüdür. 

Güclü iqtisadiyyat isə hərbi-müdafiə qüdrətinin rəhnində dayanan amildir. Sirr deyil ki, Azərbaycanın müstəqillik tarixində ordu quruculuğu ən vacib məsələlərdən biri olmuşdur. Bu sahədəki ən mühüm inkişaflar isə 2003-cü ildən sonra, cənab İlham Əliyevin prezidentliyi dövründə baş vermişdir. 

Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda atılan addımlar, yalnız ölkənin müdafiə qabiliyyətini artırmaqla kifayətlənmədi, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrini dünya miqyasında müasir texnologiyalarla təchiz etməyi və peşəkar hərbi struktur qurmağı da hədəf aldı. 

Prezident İlham Əliyevə Azərbaycanı regionun hərbi-siyasi gücünə çevirərək 30 illik işğal faktoruna cəmi 44 günə son qoyaraq milli missiyanı tamamlamağa, eyni zamanda, Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq qədər güclənməsinə, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaradılmasına cəmi 17 il lazım oldu. 

30 illik münaqişəyə son, Suverenlik Günü

Bütün bu uğurlar, ordu quruculuğu 2016-cı ilin Aprel döyüşlərində düşmənə sərt xəbərdarlıq etdi. Amma xarici havadarlarının vassalına çevrilən Ermənistanın yenə öz təxribatlarından əl çəkməməsi sonunda Azərbaycanı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına icra etməyə məcbur qoydu. 

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. İlk növbədə bizə məğlub və zəif kimi baxanlar Müzəffər Ali Baş Komandan İlham Əliyev iradəsi qarşısında əyilməyə, "dəmir yumruq" ətrafında birləşmiş xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi qəbullanmağa məcbur oldu. Effektiv siyasət və xalqın dəstəyi ilə tarixi ədalətin bərpa olunması, Azərbaycanın qalib ölkəyə çevrilməsi Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. 

Prezident İlham Əliyev Zəfərimizin nəticələrinin qorunması, bu reallığın hər kəs tərəfindən qəbul edilməsi istiqamətində fəaliyyəti ilə də tarix yazdı. Bir vaxtlar "Qarabağ Ermənistandır, nöqtə", - deyən Ermənistan özü Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə etməyə məcbur oldu. Havadarlarına arxalanıb qeyri-qanuni yollarla Qarabağa silah-sursat daşınması prosesini həyata keçirdi, dəfələrlə hərbi təxribatlar törətdi, amma hər dəfə layiqli cavabını alaraq geri çəkildi. "Qisas", "qətiyyətli cavab əməliyyatı" bunu təsdiqləyən reallıqdır.  

Ermənistanın sülhdən yayınması, təxribatlar törətməsi Azərbaycanın müəyyən tədbirlərə əl atmasını şərtləndirdi. Hayastan rəhbərliyi və onların havadarları elə düşünürdülər ki, Azərbaycan üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində ölkəmizin nəzarətini bərpa etməsinə imkan verməyəcək. Həmin dövrdə əsasən Fransa, ABŞ və Qərbin bəzi ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ermənistanın havadarları 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi. 

Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca nəyi nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.

2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri cəmi 23 saat 51 dəqiqə ərzində revanşist birləşmələrin təslim olmağa məcbur edilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 5 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. 

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla müstəqil dövlətçiliyin yeni inkişaf mərhələsinə qədəm qoymasının əlaməti olaraq hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu, 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın tam suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasını simvolizə edir.

Sülhə doğru, Zəngəzur dəhlizinin açılışı, regionda yeni eranın başlanğıcı

Böyük Qələbənin nəticəsində Müzəffər Ali Baş Komandanın yaratdığı yeni reallıq da Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Bütün işlər Azərbaycanın öz imkanları hesabına həyata keçirilir və dünya bir daha görür ki, cənab İlham Əliyev necə qüdrətli bir dövlət qurub. 

Növbəti ildə də əsas hədəflərdən biri işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrasıdır. Növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsaitin məhz bu istiqamətlərə xərclənəcəyi nəzərdə tutulur. 

2020-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilir. Cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Bu ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də, ilk növbədə, bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Ağ Evdə keçirilən sülh sammiti tarixi əhəmiyyət daşımaqla, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında yeni səhifə açdı. Hər kəsin nəticələrini yüksək qiymətləndirdiyi bu görüş Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırılmasına gətirib çıxartdı. Azərbaycanın milli maraqlarından irəli gələrək hazırladığı sülh gündəliyi Ermənistan tərəfindən qəbul edildi və yekun sülh mətni paraflandı.

 "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi Cənubi Qafqaza sülh gətirən yeni başlanğıca vəsilə oldu. Təbii ki, 17 maddədən ibarət olan sazişdə bir çox  öhdəliklər nəzərdə tutulub ki, Ermənistan tərəfindən bu tapşırıqların yerinə yetirilməsindən sonra sülh sazişi imzalanacaq. 

Tarixi Vaşinqton görüşünün yekunlarına dair ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə də mühüm əhəmiyyətə malikdir.  Bəyannamədə sülhə aparan yolların açarları verilib ki, bunun üçün də əlavə lazımi tədbirlərin görülməsi təmin edilməlidir. Birgə Bəyannamədə regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti bir daha təsdiq edilir. Bu isə Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini özündə ehtiva edir. 

Beləliklə, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin (TRIPP) açılması əsas zərurət kimi ortaya qoyulub. Ermənistan tərəfindən dəhlizlə bağlı işlərin həyata keçirilməsi üçün isə Vaşinqton və İrəvan arasında razılaşma əldə olunub. Belə ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub ki, bu da Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. ABŞ investorları layihəyə sərmayə qoyduqları halda prosesin sürətlənəcəyi və yaxın illərdə TRIPP-in reallaşacağının şahidi olacağıq. Bununla da regionda yeni sabitlik, təhlükəsizlik erası başlayacaq. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətinin uğurlarını təmin edən bir neçə mühüm faktor var. Bunlar, Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı, çiyindaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri ilə bağlıdır. 

Birinci vitse-prezidentin yürütdüyü siyasət Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti, Prezident İlham Əliyevin siyasi və diplomatik uğurlarına verdiyi dəstək, həmçinin ölkənin sosial, mədəni və iqtisadi sahələrində həyata keçirdiyi islahatlar, Azərbaycanın inkişafına mühüm təsir göstərib.

Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların təbliğində və bu islahatların həyata keçirilməsində mühüm rol oynayır. Onun Azərbaycanın müstəqilliyi, suverenliyi və sosial inkişafı üçün verdiyi töhfələr, ölkənin dünya miqyasında nüfuzunun artmasına şərait yaradır. 

Mehriban xanım Əliyeva yalnız Birinci vitse-prezident olaraq deyil, həm də ailə dəyərlərinə önəm verən bir şəxsiyyət kimi də diqqət çəkir. Azərbaycanın ənənəvi dəyərlərini qorumaq və bu dəyərləri inkişaf etdirmək, onun fəaliyyətinin əsasını təşkil edir. Ailə, Mehriban xanım Əliyevanın siyasi və sosial fəaliyyətində daima mərkəzi mövqedə olmuşdur. Azərbaycan cəmiyyətində ailəvi əlaqələr və qadın hüquqları sahəsində müsbət dəyişikliklərə nail olmaq üçün Mehriban xanım Əliyeva bir çox layihə həyata keçirmişdir. 

Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun prezidenti olaraq, fond vasitəsilə Azərbaycanın mədəni irsini qorumaq və dünyaya tanıtmaq istiqamətində mühüm addımlar atmışdır. Fond ölkənin mədəniyyətini, tarixini və sənətini qorumaqla yanaşı, həm də Azərbaycanın xarici siyasətinin tanıdılmasında əhəmiyyətli bir platformaya çevrilmişdir.

İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılıb və bu proses davam etməkdədir. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub. 

Qlobal təşəbbüslər müəllifi, humanizm nümunəsi

Həyata keçirdiyi müstəqil və qətiyyətli siyasətlə nüfuzu gündən-günə artan, adı dünyanın tanınmış siyasətçiləri arasında çəkilən Prezident İlham Əliyev son 22 ildə Azərbaycanı dünya siyasi arenasında söz sahibinə çevirib. 

Məhz qətiyyətli liderin rəhbərliyində Azərbaycan beynəlxalq səhnədə öz mövqeyini gücləndirmək və daha çox qlobal layihələrdə iştirakını təmin etmək istiqamətində mühüm addımlar atır. Daim inkişaf istiqamətində irəliləyən Azərbaycana, onun Prezidenti İlham Əliyevə dünya liderləri tərəfindən göstərilən diqqət getdikcə daha da artır. 

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 

İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi platformalarda fəallığını artırıb. Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında da əhəmiyyətli fəaliyyətini davam etdirir. Dövlətimizin başçısı bu təşkilatlar çərçivəsində ölkəmizin maraqlarını müdafiə edərək Azərbaycanın beynəlxalq təsirini daha da genişləndirib.

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilən tarixi qərar da cənab İlham Əliyevin xarici diplomatiyasının növbəti təntənəsi oldu. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı seçilməsi çox böyük uğurdur. Ölkəmizin Mərkəzi Asiya platformasına qoşulması əlbəttə ki, yeni imkanlar və perspektivlər deməkdir.

Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması yalnız regionda deyil, həm də dünya səviyyəsində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Bu platforma Azərbaycanın uzunmüddətli strateji məqsədlərinə uyğun olaraq həm iqtisadi, həm də diplomatik əlaqələrin genişlənməsinə töhfə verəcək bir imkan yaradır. Azərbaycanın coğrafi mövqeyi onu Asiya və Avropa arasında mühüm körpü halına gətirir.

2025-ci ilin uğurlarından biri də Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artması olub. İndiyədək  qaz ixrac etdiyimiz ölkələrin sayı 12 idi. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Qısa müddətdə bu sıraya daha iki ölkə - Ukrayna və Suriya da qoşuldu. İndi Azərbaycanın qazla təchiz etdiyi ölkələrin sayı 14-dür. Yaxın gələcəkdə Azərbaycanın hədəfi 20-yə yaxın ölkəyə qaz ixrac etməkdir. 

Son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub. Ulu Öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Dövlət başçısı əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmək məqsədilə həyata keçirdiyi islahatlar da bu sahədə böyük irəliləyişə səbəb olub. 

İlham Əliyev hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 22 ildə imzaladığı əfv sərəncamları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş  amnistiya aktları minlərlə insanı əhatə edib.

Dekabrın 19-da Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul etdi. Əlbəttə ki, bu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın 30 illiyi, Vətən müharibəsində qazandığımız tarixi Zəfərin 5-ci ildönümü, ölkəmizin suverenliyinin tam bərpa olunması və "Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyev tərəfindən elan edilən növbəti humanizm təşəbbüsüdür. Bu amnistiya 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk təşəbbüsdür. Ümumilikdə, təxminən 20 minə yaxın vətəndaş cənab İlham Əliyevin humanist siyasətindən birbaşa faydalana biləcək.

Ümumiyyətlə, cənab İlham Əliyevin əfv siyasəti yalnız məhbusların azadlığa çıxarılması ilə məhdudlaşmır, həm də Azərbaycan cəmiyyətində milli birliyin gücləndirilməsinə xidmət edir. Hər bir əfv fərmanı, amnistiya aktı xalqın bir-birinə olan inamını artırır, insanların qarşılıqlı hörmətini möhkəmləndirir. Əfv həmçinin cinayətlərlə mübarizə, hüquq pozuntularının qarşısının alınması və insanların cəmiyyətə faydalı fərdlər kimi təkrar sosiallaşmalarını təmin etməyə imkan verir.

Azərbaycan dövlətinin əfv siyasəti, yalnız hüquqi sistemin müasir inkişafına deyil, həm də ölkənin sosial barışına xidmət edir. Əfvin həyata keçirilməsi ölkədəki siyasi, dini və sosial təbəqələr arasında məhəbbət və güvən mühitinin yaradılmasına kömək edir. Bu, Azərbaycan dövlətinin vətəndaşları ilə arasındakı münasibətlərin sağlam şəkildə inkişaf etməsi və hüquq sisteminin daha da təkmilləşməsi üçün mühüm bir zəmin yaradır.  

Bütün bu reallıqlara əsaslanaraq deyə bilərik ki, cənab İlham Əliyev xalqın birliyindən güc alaraq yürütdüyü müstəqil, prinsipial siyasətlə Azərbaycanı daha möhtəşəm zəfərlərə aparacaq.

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr