2025-ci ildə ölkə 127 ilin antirekordunu qeydə almağa hazırlaşır...
Yaponiyada 2025-ci ildə doğum səviyyəsinin son 127 ilin ən aşağı göstəricisinə enəcəyi gözlənilir.
Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti məlumat yayıb. Nəşrin hesablamalarına görə, cari ildə ölkədə cəmi 667,5 min uşağın doğulacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, ötən il Yaponiyada doğulan uşaqların sayı ilk dəfə 700 min həddindən aşağı düşüb. Cari il üçün gözlənilən göstəricilər isə 1899-cu ildən, ölkədə doğum statistikasının aparılmağa başlandığı dövrdən bəri ən aşağı səviyyə hesab olunur.
“Asahi”nin təqdim etdiyi yeni qiymətləndirmə Yaponiyanın Milli Əhali və Sosial Təminat Araşdırmaları İnstitutunun əvvəlki proqnozlarından xeyli aşağıdır. Belə ki, institut 2025-ci ildə ölkədə təxminən 749 min uşağın doğulacağını gözləyirdi. Lakin mövcud tendensiyalar bu proqnozun reallaşmayacağını göstərir.
Məqalədə vurğulanır ki, doğum səviyyəsinin azalması davam edərsə, bu, Yaponiyada əmək qabiliyyətli əhalinin sayının daha da azalmasına gətirib çıxaracaq. Nəticədə bir çox iqtisadi sahələrdə işçi qüvvəsi çatışmazlığı sürətlənə, sosial təminat sisteminə və pensiya fondlarına düşən yük daha da arta bilər. Ekspertlər bildirirlər ki, demoqrafik böhran ölkənin uzunmüddətli iqtisadi inkişafı üçün ciddi risklər yaradır.
Poliqon.info