BAKI, 24 dekabr. TELEQRAF
Venesuela Xarici İşlər naziri İvan Hil Pinto ölkəsinin müraciəti ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasının nəticələrini müsbət dəyərləndirib.
Teleqraf xəbər verir ki, bu barədə İvan Hil Pinto “Telegram” kanalında paylaşım edib.
Nazirin sözlərinə görə, iclas zamanı ABŞ-nin Venesuelaya qarşı güc tətbiqi və güc tətbiqi təhdidi kəskin şəkildə pislənib. O qeyd edib ki, hətta ABŞ-nin tarixi müttəfiqləri belə BMT Nizamnaməsinin pozulması hesabına hərbi güc tətbiqini və ya bununla hədələməyi dəstəkləməyib.
İvan Hil Pinto vurğulayıb ki, Təhlükəsizlik Şurasında ABŞ-nin guya narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında suveren və azad bir dövləti ram etmək cəhdlərinin əsassız olduğu sübut edilib. Eyni zamanda, açıq dənizdə Venesuelaya məxsus neft resurslarının ələ keçirilməsi məqsədilə həyata keçirilən “dəniz quldurluğu” da iclas iştirakçıları tərəfindən qınanıb.
XİN rəhbəri bildirib ki, Venesuela bu müzakirələrin nəticəsində BMT-də mühüm diplomatik uğur qazanıb.