AZ

Pentaqon C-130J təyyarələrinin istehsalı üzrə müqavilənin dəyərini 25 milyarda yüksəldib

BAKI, 24 dekabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələri üçün "C-130J Super Hercules" hərbi-nəqliyyat təyyarələrinin istehsalı üzrə "Lockheed Martin" şirkəti ilə bağlanmış müqavilənin məbləğini 10 milyard dollar artıraraq 25 milyard dollara çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müqavilənin ümumi nominal dəyəri əvvəlki 15 milyard dollardan 25 milyard dollara yüksəlib. Sazişin icrası 2035-ci il iyulun 16-dək nəzərdə tutulub.

Məlumatda istehsal ediləcək təyyarələrin dəqiq sayı açıqlanmayıb. Qeyd olunur ki, təyyarələrin bir hissəsinin Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç, Filippin və Fransaya satılması planlaşdırılır.

B-52 bombardmançıları üçün ayrıca müqavilə

Bununla yanaşı, ABŞ Hərbi Hava Qüvvələri "Boeing" şirkəti ilə 2 milyard dollar dəyərində ayrıca müqavilə bağlayıb. Müqavilə çərçivəsində "B-52 Stratofortress" strateji bombardmançı təyyarələrinin mühərriklərinin dəyişdirilməsi üzrə xidmətlər göstəriləcək.

Bu müqavilənin icrasının 2033-cü il mayın 31-dək başa çatdırılması nəzərdə tutulur.

Seçilən
87
teleqraf.com

1Mənbələr