AZ

Rusiya Azərbaycan-Ermənistan münasibətlərində əvvəlki mövqeyində deyil -ŞƏRH

Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Görüş çərçivəsində rəsmilər TRIPP layihəsini və Azərbaycan- Ermənistan münasibətlərini də müzakirə ediblər. 

Bəs Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindəki rolunu necə şərh etmək olar?

Redaktor.az-a danışan elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, Rusiya tarixinə retrospektiv baxış keçirdikdə və cari dövrün siyasi proseslərini təhlil etdikdə aydın şəkildə Moskvanın Cənubi Qafqazda baş verən prosesləri daim yaxından izlədiyini və əksər hallarda bununla kifayətlənməyərək bu proseslərin birbaşa iştirakçısına çevrildiyi görünür:

"Hələ Çar Rusiyası dövründə, Sovet Sosialist Respublikaları İttifaqı mərhələsində və daha sonra Rusiya Federasiyası dövründə, yəni bu üç tarixi mərhələnin hər birində Cənubi Qafqaz Rusiyanın xüsusi maraq dairəsində olan ərazi kimi çıxış edib. Məhz buna görə də təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi başladıqda və Ermənistan Azərbaycana qarşı işğalçı siyasət yürütdükdə Rusiya tərəflər arasındakı münaqişənin tənzimlənməsində xüsusi rol oynaya biləcək siyasi oyunçu kimi özünü göstərib. Bunun məntiqi nəticəsi olaraq münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupu formalaşdırılarkən Rusiya da bu qrupun üzvlərindən biri olub. Prosesləri bir qədər irəli apardıqda görürük ki, Azərbaycan və Ermənistan arasında təxminən 30 ilə yaxın davam edən münaqişə dövründə Rusiya daim tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə və bu missiyanı digər aktorlara ötürməməyə çalışıb. Rusiyanın Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmasını təhlil etdikdə burada beynəlxalq münasibətlərdə geniş istifadə olunan “üçüncü tərəf” anlayışı ilə qarşılaşırıq. Nəzəri baxımdan üçüncü tərəfin xüsusi marağı olmamalı və o yalnız münaqişənin stabilləşdirilməsi və həlli istiqamətində fəaliyyət göstərməli, danışıqların təşkili və görüşlərin keçirilməsi yolu ilə münaqişənin həllinə nail olmağa çalışmalıdır. Azərbaycan-Ermənistan münaqişəsində də Rusiya uzun müddət bu rolu öz üzərinə götürməyə cəhd edib. Bu, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində, eləcə də 2016-cı ilin aprel döyüşləri və Tovuz hadisələri zamanı açıq şəkildə özünü göstərib. Xüsusilə də 44 günlük Vətən müharibəsinin başa çatmasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması bunu təsdiqləyir".

Politoloq əlavə etdi ki, post-münaqişə dövrünə nəzər saldıqda Soçi və Moskva görüşlərinin keçirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qruplarının yaradılması ilə bağlı razılaşmaların da Rusiyanın vasitəçiliyi ilə əldə olunduğunu görürük:

"Lakin bütün bunlar Rusiyanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərin stabilləşdirilməsində və münaqişə faktorunun aradan qaldırılmasında tam bitərəf və neytral mövqedən çıxış etdiyini deməyə əsas vermir. Sadalanan görüşlər və atılan addımlar bunu tam şəkildə təsdiqləmir. Belə ki, Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunurdu ki, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə təmin edilməli, nəqliyyat-kommunikasiya dəhlizləri açılmalıdır. Bu bəyanatın Rusiyanın vasitəçiliyi ilə imzalanması və Rusiya Federasiyası prezidentinin sənəddə imzasının olması Moskvanın həmin öhdəliklərin icrasında müəyyən məsuliyyət daşıdığını göstərirdi. Münaqişədən sonrakı beş il ərzində post-konflikt dövrünün ilk mərhələsində bu öhdəliklər reallaşmadı və ümumilikdə Rusiya tərəfindən Ermənistana nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması istiqamətində ciddi təzyiq göstərilmədi. Məsələnin digər tərəfi də mövcuddur. Burada Rusiyanın Ermənistanla münasibətlərində Azərbaycan faktoru açıq şəkildə görünür".

Müsahibimizin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin uzun müddət davam etməsi və iki dövlət arasında münasibətlərin daim qarşıdurma müstəvisində qalması bəzi hallarda Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun gəlirdi:

"Çünki Rusiya bu münaqişə faktoru vasitəsilə hər iki dövlətlə münasibətlərini müəyyən balansda saxlamağa çalışırdı. Lakin İkinci Qarabağ müharibəsi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Yeni reallıqlar formalaşdı və bu reallıqlardan biri ondan ibarət oldu ki, post-konflikt dövrü yarandı və Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üçün üçüncü tərəfə ehtiyac qalmadı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu görüşlər və danışıqlar birbaşa formatda həyata keçirilə bilər. Məhz üçüncü tərəfə ehtiyacın aradan qalxması fonunda tərəflər arasında birbaşa görüşlər nəticəsində sülh müqaviləsinin mətni razılaşdırıldı. Razılaşdırılmış mətn Rusiyanın deyil, ABŞ-nin şahidliyi ilə, ABŞ Prezidenti Donald Trampın iştirakı çərçivəsində imzalanmış birgə bəyannamə formatında paraflandı və bu addım sülh istiqamətində atılmış ən mühüm mərhələlərdən biri oldu".

Siyasi şərhçi qeyd etdi ki, bu gün Rusiya müəyyən mənada özünü Cənubi Qafqazdakı proseslərdən kənarda qalmış hesab edə bilər.

"Çünki 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması məsələsi 2025-ci ilin avqustunda Donald Trampın şahidliyi ilə imzalanmış yeni üçtərəfli bəyanat çərçivəsində reallaşdı. Rusiya isə ötən beş il ərzində bu prosesi nəticəyə çatdıra bilmədi. Eyni zamanda Zəngəzur dəhlizi üzrə TRIPP layihəsində Rusiya şirkətlərinin iştirak etməməsi, habelə Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin həllində həlledici faktor kimi çıxış edə bilməməsi Moskvanı Cənubi Qafqaz siyasətinə müəyyən qədər yenidən baxmağa məcbur edir.

Nikol Paşinyanla Vladimir Putin arasında Sankt-Peterburq şəhərində keçirilmiş son görüşdə Ermənistan Baş nazirinin Azərbaycan Prezidentinə və Azərbaycana xüsusi təşəkkürünü bildirməsi, eləcə də Rusiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana daxil olduğunu vurğulaması onu göstərir ki, hazırda Azərbaycan–Ermənistan münasibətlərində post-münaqişə dövrünə uyğun yeni reallıqlar formalaşır. Bu reallıqlar çərçivəsində atılan addımlar hər iki dövlətin mövqeyinə uyğundur və bütövlükdə Cənubi Qafqazda, eləcə də regionda uzunmüddətli və davamlı sülhün formalaşmasına xidmət edir", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicən BAXIŞLI

Seçilən
75
redaktor.az

1Mənbələr