AZ

Taksilərlə bağlı KVOTA müəyyən edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 min (iyirmi beş min kvota) müəyyən edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilib.

Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək.

Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

“Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər.
 

Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq. Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər.


Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur. Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir.

Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.

Qurumun məlumatına görə, növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
18
4
paralel.az

10Mənbələr