"İranla İsrail arasında mövcud olan münaqişə hələ də başa çatmayıb. Amerika bu münaqişədə birmənalı olaraq İsraili dəstəkləyir".
Bu fikirləri Redaktor.az-a hərbi ekspert Ədalət Verdiyev İsrail-İran-Amerika münasibətlərindən və İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampa İrana yeni mümkün hücum planını təqdim edəcəyini bildirməsindən danışarkən bildirdi.
O, hesab edir ki, Netanyahunun planı Tramp tərəfindən dəstəklənəcək:
"Çünki İranın son aylarda nüvə proqramı ilə bağlı davranışları və bəyanatları qətiyyən nə İsraili, nə də ABŞ-ni qane edir. Ona görə də ABŞ ilkin mərhələdə Venesuela problemi ilə məşğul olacaq, amma gələn ilin ilk rübündə növbəti dəfə İsrail və ABŞ-nin İrana qarşı hərbi müdaxiləsi gözləniləndir. Bu müdaxilə zamanı ABŞ-nin ilk prioritet hədəfləri arasında İranın nüvə obyektləri, İsrailin isə eyni zamanda nüvə obyektlərindən başqa İranın ali dini lideri Ayətullah Əli Xamenei və onun ətrafındakı rəhbər şəxslər ola bilər. Əsas hədəflər arasında Xamenei və onun komandasının hakimiyyətdən uzaqlaşdırılması da nəzərdə tutula bilər".
Aytəkin TOFİQQIZI