Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Leqal.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.

Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.
Kərkicahan
Kərkicahan
Kərkicahan

Leqal.info