Avtomobillərin yeni-yeni ortaya çıxdığı dövrdə yol təhlükəsizliyi anlayışı hələ formalaşmamışdı və bu, tarixdə ilk yol qəzasının qeydə alınmasına səbəb oldu. AzPost xəbər verir ki, tarixi mənbələrə əsasən, dünyada ilk avtomobil qəzası 1891-ci ildə ABŞ-ın Ohayo ştatında baş verib.
Hadisə avtomobil ixtiraçılarından biri sayılan Ceyms Lambertin idarə etdiyi maşınla bağlı olub. Lambertin avtomobili yolda hərəkət edərkən gözlənilmədən bir ağacın kökünə ilişib və nəzarətdən çıxaraq qəza törədib. Nəticədə sürücünün sərnişi yüngül xəsarət alıb. Maraqlıdır ki, bu hadisə sürət səbəbindən yox, yol infrastrukturunun tam uyğun olmaması ucbatından baş verib.
Tarixçilər bildirirlər ki, həmin dövrdə avtomobillər at arabaları üçün nəzərdə tutulan yollarda hərəkət edirdi və bu da riskləri artırırdı. Qeyd olunur ki, Lambertin qəzası mətbuatda geniş yer alıb və avtomobillərin təhlükəsizliyi ilə bağlı ilk müzakirələr məhz bundan sonra başlayıb.
Bundan bir neçə il sonra, 1896-cı ildə Böyük Britaniyada daha faciəvi bir hadisə yaşanıb. Londonda Bridget Driscoll adlı qadın avtomobilin vurması nəticəsində dünyada yol qəzasında ölən ilk piyada kimi tarixə düşüb. Bu hadisə sürət məhdudiyyətləri və yol qaydalarının hazırlanmasına ciddi təkan verib.