ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Türkiyə vitse-prezidenti Cevdet Yılmazın Şuşa Bəyannaməsinə istinadı Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı mərhələsini düzgün şəkildə təsvir edir”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri siyasi bəyanatlar səviyyəsindən çıxararaq hüquqi və strateji müttəfiqlik çərçivəsinə salıb:“Bu sənəd tərəflərin təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və müdafiə sənayesi sahələrində uzunmüddətli koordinasiyasını institusional əsaslara bağlayır və münasibətlərin şəxsi faktorlar üzərində qurulmasının qarşısını alır. Gələcək perspektivdə bu müttəfiqlik Azərbaycan–Türkiyə əməkdaşlığını daha sistemli və proqnozlaşdırılan edir. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti artıq texniki icra mexanizmi kimi çıxış edir və qərarların icrasını sürətləndirir. İqtisadi sahədə bu model ticarət dövriyyəsinin artması ilə yanaşı, birgə istehsal, investisiya layihələri və regional logistika zəncirlərinin formalaşmasına imkan yaradır. Ən vacibi, əməkdaşlıq ayrı-ayrı layihələrdən ibarət deyil, vahid strateji xətt üzrə inkişaf edir”.O bildirib ki, Şuşa Bəyannaməsinin təsiri regional müstəvidə də aydın görünür:“Azərbaycan və Türkiyə Cənubi Qafqazda sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir və bu mövqe regional proseslərdə onların çəkisini artırır. Nəticə etibarilə, müttəfiqlik statusu münasibətləri emosional yaxınlıqdan dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir və bu xəttin uzunmüddətli davamlılığını təmin edir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.