AZ

Gənclər arasında siyasi fəallığın artırılması

Azərbaycanın davamlı xarakter alan dinamik inkişafı, yüksəlişi, beynəlxalq tədbirlər məkanına çevrilməsi, əzəmətli və möhtəşəm layihələrə imza atması ölkəmizi dünyaya daha yeni və sivil formada təqdim etməyə imkan yaradır. Bütün bu nailiyyətlər hazırkı qloballaşma və informasiya cəmiyyəti mərhələsində Azərbaycanda həyata keçirilən inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrin sürətlə reallaşdığını, məqsədlərin həyata vəsiqə qazandığını sübut edir.

Gənclərin cəmiyyət həyatının hər bir sferasında iştirakının təmin olunması, özlərini təsdiq etməyə imkanların yaradılması, milli ruhda formalaşmaları yeni nəslin sağlam inkişafının mühüm şərtləridir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb. Gənclərlə bağlı işlərin aparılması Prezident İlham Əliyevin daim diqqətində olub və ötən 11 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib.

Qloballaşan dünyanın və ölkəmizin hazırkı yüksəlişinin çağırışlarına uyğun olaraq gənclərin də potensialından düzgün istifadə olunması, onların inkişaf proseslərinə cəlb edilməsi üçün müxtəlif proqramlar həyata keçirilib. Gənclərin təhsili, idarəetmədə irəli çəkilməsi, xaricdə Azərbaycanı təmsil etmələri, istedadların üzə çıxarılması kimi məsələlər diqqət mərkəzində olub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, gənclər arasında milli-siyasi dəyərlərin təbliği olduqca vacib məsələdir:

“Gənclər arasında siyasi işin təşkili, siyasi mədəniyyətin və siyasi dəyərlərimizin gənc nəsilə ötürülməsi üçün olduqca vacibdir. Ona görə də, Yeni Azərbaycan Partiyasında məhz bu işləri həyata keçirmək üçün ayrıca YAP Gənclər Birliyi fəaliyyət göstərir. Bu təşkilat olduqca səmərəli fəaliyyəti ilə seçilməkdədir. Xüsusən gənc nəsildəki siyasi düşüncənin sağlam, obyektiv və konstruktiv əsaslarda, dialoq əsasında formalaşması üçün addımlar atılır.

Gənclər Birliyinin xüsusi fəaliyyət proqramı var. Bəzən geniş tədbirlər şəklində, bəzən qruplarla fərdi iş qaydasında, bəzən də beynəlxalq əlaqələr formatında dost partiyaların gənclər təşkilatları ilə əlaqələr formasında baş tutur. Bu 2 istiqamət olduqca vacibdir. Çünki siyasi düşüncə hər bir cəmiyyətin ictimai şüurunun aktiv hissəsi və fəal hissəsi olduğu üçün, onun hadisələri necə qavraması və həmin hadisələrə necə reaksiya verməsi olduqca vacibdir. Bu ənənələr Ulu öndərin Heydər Əliyevin Yeni Azərbaycan Partiyasında yaratdığı ənənələrdir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə vurğulayıb ki, hazırda Azərbaycan gəncləri siyasətə ciddi maraq göstərir:

“Gənclər arasında siyasi düşüncənin artırılması və gənclərin siyasətə maraq göstərməsi üçün bir sıra amillər önəmlidir. Azərbaycan qalib dövlətdir və öz torpaqlarını işğaldan azad edib. Suverenliyinə, konstitusion quruluşuna nail olub.

Şübhəsiz ki, hazırki dövtdə zəfər qazanan Azərbaycanın gəncləri ölkədə, regionda və dünyada baş verən siyasi prosesləri diqqətlə izləməlidirlər. Ölkəmiz əleyhinə aparılan kampaniyalar, sülhə qarşı hansısa addımların atılması dəqiq sezilməlidir.

Mən əminəm ki, Azərbaycan gəncləri siyasətlə məşğul olmağa maraq göstərirlər. Bunu ənənəvi media ilə yanaşı, yeni media vasitəsi ilə çox rahatlıqla əldə etmək mümkündür. Bir sıra monitorinqlər, ictimai rəy sorğuları da göstərir ki, gənclərin siyasi proseslərə biganə olmaması üzə çıxır. Bir ali məktəb müəllimi kimi də deyə bilərəm ki, gənclərin siyasi proseslərdə iştirakı ötən illərlə müqayisədə bu gün daha yüksəkdir. Çünki gənclər dünyada baş verən dəyişikliləri də diqqətlə izləyirlər.

Hesab edirəm ki, gələcəkdə Azərbaycanın siyasi düşüncəsinin formalaşmasında gənclərin aktiv rolu daha da artacaq. Məhz elə yeni dövlət quruculuğu modeli, yeni milli ideya axtarışı və cənab prezidentin çağırışlarına uyğun olaraq, gənclərin siyasi proseslərdə yer alması bu gün ümdə vəzifədir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Seçilən
80
yenisabah.az

1Mənbələr