AZ

Nailə Vəlixanlıya AZAL-a məxsus xatirə poçt markası təqdim edilib

Yazını böyüt
Yazını kiçilt

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olmuş Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Hafta.az xəbər verir ki, ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AZAL QSC-nin vitse-prezidenti İlham Əmirov və “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri İsi Mustafayev tədbirin əhəmiyyətindən, aviasiya sahəsində xidmət etmiş Milli Qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinin vacibliyindən danışıblar.

Tədbir çərçivəsində “J2-8243” reysinin anım gününə həsr olunmuş xatirə poçt markasının təqdimetmə mərasimi keçirilib. Markalardan biri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya təqdim olunub. Akademik N. Vəlixanlı çıxışı zamanı qeyd edib ki, marka muzeyin ekspozisiyasında nümayiş olunacaq və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

Xatirə poçt markasının dövriyyəyə buraxılması AZAL və “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə həyata keçirilib və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr olunub. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Tədbirin sonunda qonaqlar üçün muzeyin ekspozisiyasına ekskursiya təşkil olunub.

Ayəndə Dadaşova

Seçilən
49
hafta.az

1Mənbələr