AZ

Qarabağ Universitetində Biznes və İqtisadiyyat Fakültəsinin yeni binası istifadəyə verildi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas – iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.

Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

DOĞRU.AZ

image-17664888284687954003_1200x630 image-17664888285888254101_1200x630 image-17664888283256934586_1200x630 image-17664888281870225658_1200x630 image-17664888282395841842_1200x630 image-17664888284362216771_1200x630 image-17664888281017726698_1200x630 image-176648882853387054_1200x630 image-1766488828772532189_1200x630 image-17664888286136734329_1200x630 image-1766488828912525899_1200x630

Seçilən
45
49
dogru.az

10Mənbələr