AZ

Azərbaycanın Moskva ilə münasibətlərində artan məsafə- NƏ BAŞ VERİR?-Şərh

Azərbaycan–Rusiya münasibətlərində son dövrlər müşahidə olunan gərginlik rəsmi və qeyri-rəsmi platformalarda da öz əksini tapmağa başlayıb. Prezident İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi Sammitində iştirak etməməsi bu kontekstdə diqqət çəkən siyasi mesaj kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, bu addım Bakı ilə Moskva arasında münasibətlərin hazırkı vəziyyətini və tərəflərin qarşılıqlı gözləntilərini aydın şəkildə ortaya qoyur.

 

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Sammitində iştirak etməməsi düzgün və məntiqli qərardır.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ildə iki dəfə bu formatda toplantılar keçirməklə keçmiş postsovet ölkələrini bir araya toplamağa çalışır:

“Bu tədbirlərdən biri adətən may ayında Moskvada keçirilən paradlar çərçivəsində təşkil olunur. Həmin dövrdə qeyri-rəsmi zirvə görüşü keçirilir, ilin sonunda isə eyni format Sankt-Peterburqda təkrarlanır. Bu yanaşma Rusiyanın keçmiş sovet ölkələrinə imperiya təfəkkürü ilə baxdığını və onların müstəqil siyasi subyekt kimi qəbul edilməsində çətinlik çəkdiyini göstərir. Moskva bu məkanı hələ də öz təsir dairəsi hesab edir”.

Politoloq qeyd edib ki, son bir il ərzində Azərbaycan–Rusiya münasibətlərində ciddi soyuqluq müşahidə olunur. Onun fikrincə, bunun əsas səbəbi təyyarə qəzası ilə bağlı məsələnin hələ də açıq qalmasıdır:

“Rusiya tərəfi bu müddət ərzində Azərbaycanın haqlı tələblərinə uyğun addımlar atmadı. Hətta Prezident Vladimir Putinin oktyabrın 10-da Düşənbədə Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi müsbət mesajlar da praktikada öz əksini tapmadı. Qazaxıstanın da sözügedən qəza ilə bağlı hər hansı rəsmi açıqlama verməməsinin arxasında Rusiyanın siyasi təzyiqləri dayanır. Bu faktorlar fonunda Azərbaycan hazırda Rusiyadan konkret və adekvat addımlar gözləyir. Əgər bu baş verməzsə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edə bilər. Bu isə münasibətlərin hazırkı vəziyyətinin heç də qənaətbəxş olmadığını göstərir”.

Politoloq vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır və bu əlaqələrin qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişafını istəyir. Lakin Moskvanın yanaşması fərqlidir: “Rusiya hələ də keçmiş postsovet məkanı ölkələrinə imperiyanın əyalətləri kimi yanaşır və onları ikinci dərəcəli dövlətlər hesab edir”.

Ekspertin fikrincə, Azərbaycan Prezidentinin qeyri-rəsmi Sammitdə iştirak etməməsi Rusiya tərəfindən məmnunluqla qarşılanmayacaq:

“Hesab edirəm ki, Rusiya bundan sonra da müəyyən təzyiq mexanizmlərindən istifadə etməyə çalışacaq. Çünki Rusiya siyasi elitasının və cəmiyyətinin düşüncə tərzi məntiq üzərində qurulmayıb. Məşhur filosofun da dediyi kimi, Rusiyanı anlamaq çətindir. Halbuki Rusiya tərəfi Putinin özünün də dediyi kimi Azərbaycanın haqlı tələblərini yerinə yetirməklə münasibətləri normallaşdıra bilərdi. Lakin hazırda müşahidə etdiyimiz davranış münasibətlərin yaxın perspektivdə də soyuq qalacağını göstərir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr