"Bakı Metropoliteni"nin daim zərərlə fəaliyyət göstərməsinin müxtəlif səbəbləri var. Birincisi, xərclər kifayət qədər yüksəkdir. Xərclərin yüksək olmasını şərtləndirən müxtəlif faktorlar var: Yeni infrastruktur layihələrinin həyata keçirilməsi, yeni tikinti və quraşdırma işlərinin aparılmasına investisiya edilməsi, digər tərəfdən çox böyük aktivlərə sahib olan Metropolitenin aktivlərin saxlanması və bərpası istiqamətində xərclərinin çox böyük olması. Həmçinin, prosesin özünün təşkilində müşahidə edilən çatışmazlıqlar, qeyri-şəffaf əməliyyatlar da zərərlə fəaliyyətin ortaya çıxmasına təsir göstərir”. Bunu Ajans.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, xərclərin azaldılması üçün metronun işində dəbdəbəyə üstünlük verilməməlidir:
“Metropolitenin işinin təşkilində, xüsusən infrastrukturun formalaşdırılmasında daha çox xidmətin səliqəli və operativ təşkili önə çıxmalıdır, nəinki dəbdəbəli təşkili. Azərbaycanda bir stansiyanın tikilməsinə xərclənən pulla bir neçə stansiya tikmək mümkündür. Buna həm qatarların yürüstü hərəkətinin təşkil edilməsi, həmçinin stansiyanın özünün daha ekonom dizayn edilməsi yolu ilə nail olunması mümkündür. İnsanlara rahat xidmət lazımdır, dəbdəbəli xidmət yox”.