AZ

Ailədaxili təhlükə - Uşaqlar kimə etibar edilir?

Son dövrlərdə Azərbaycanda qohumlar arasında baş verən cinsi istismar və erkən hamiləlik halları cəmiyyətdə ciddi narahatlıq doğurur. 13 yaşlı bir qızın 37 yaşlı qohumundan hamilə qalması faktı, uşaqların hüquqlarının qorunması və onların təhlükəsiz mühitdə böyüməsi məsələsini yenidən gündəmə gətirib. Bəzi hallarda isə ailələr qız uşaqlarını yaxın qohumlara övladlığa verirlər. Lakin belə addımların uşağın psixoloji və fiziki sağlamlığı baxımından nə qədər doğru olduğu sual altında qalır. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, çox təəssüf ki, nadir hallarda belə hadisələr baş verir.

"Bu, həm mənəviyyata, həm hüquqa, həm də sosial normalara zidd bir hərəkətdir. Belə hallar başqalarında da şübhə yaradır və yalnız psixi xəstə olan şəxslərlə izah oluna bilər. Bu cür insanlar ya ağır şəkildə cəzalandırılmalı, ya da psixi dispanserə yerləşdirilməlidir, çünki bu, böyük bir cinayətdir və cəzası ağır olmalıdır. Başqalarına dərs olması üçün insanlar diqqətli olmalıdır: uşaqlarını kimə etibar edirlər, övladlığa verəndə məsuliyyətli olmalıdırlar. Bizdə övladlığa götürmə prosesi çətin və ciddi tələblərlə həyata keçirilir. Təəssüf ki, belə hallar mənəvi deqradasiyaya uğramış şəxslərin artdığını göstərir ki, bu da cəmiyyətdə sosial münasibətləri və mənəvi dəyərləri sarsıdır",- E.Bayramlı vurğulayıb.

Sosioloq qeyd edib ki, bizim xalqın mənəvi dəyərlərinə görə, övladlığa götürülmüş və ya qohum olan uşaqlara qarşı belə hərəkətlərə yol verilmir.Nadir hallarda baş verənlər isə yalnız psixi xəstəliklə izah oluna bilər. Bu normal insan işi deyil:"Hər bir halda, uşaqlara qarşı diqqətli olmaq lazımdır ki, belə halların qarşısı alınsın. Cəmiyyət və müvafiq orqanlar sərt cəza tədbirləri ilə çəkindirici rol oynamalıdır. Ədalət bərqərar olmalıdır. Bu hal bizim üçün xarakterik deyil və ən ağır günah və cinayətlərdən biridir",-deyə sosioloq əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr