11 abituriyent məhkəməyə CƏLB OLUNDU
Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qurum xatırladıb ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilmişdi. "Dekabrın 23-də məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb. İttiham aktına əsasən, təqsirləndirilən şəxslər - İslam Elşan oğlu Babayev, Ayxan İlham oğlu Məmmədov və Murad Mahir oğlu Məmmədov - hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə qaydalarını izah edib, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirib və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd ediblər. İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə verib, öz əməllərini ifadələrində etiraf ediblər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olub və istifadə edib, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayıb, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olublar", - məlumatda deyilir.