Bakı, 23 dekabr, AZƏRTAC
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində silahlıların hücumu nəticəsində azı beş polis əməkdaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, "The Express Tribune" qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan nəqliyyat vasitəsi Qaraqri Banda rayonunda pusquya düşüb. Hazırda təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi rayonu mühasirəyə alıb və səlahlıların zərərsizləşdirilməsi üçün əməliyyata başlayıb.
Hücumu pisləyən Pakistanın Baş naziri Şahbaz Şərif həlak olan polislərin ailələrinə başsağlığı verib.
Qaraqri Banda rayonunda yerləşən neft və təbii qaz yataqları Pakistan ordusunun və hüquq-mühafizə orqanlarının mühafizəsi altında istismar olunur. Silahlı qruplaşmalar neft və qaz obyektlərinə mütəmadi hücumlar təşkil edir və işçiləri qaçırırlar. Dekabr ayında həmin rayonda kamikadze hücumu nəticəsində bir polis məmuru həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı.