Gələn il Bakıda bu yeniliklər olacaq - Tanınmış memar AÇIQLADI
“2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması nəinki biz memarları, bütün cəmiyyəti sevindirir. Bu o deməkdir ki, 2026-cı ildə qurumlar bu sahədə bu günə qədər görülməyən işləri görəcəklər”. Bunu Ajans.az-a açıqlamasında tanınmış memar, professor Cahid Həsənov deyib. O bildirib ki, söhbət təkcə dövlət büdcəsindən pul ayrılan, dövlətə aid tikililərdən getmir: “Elə qurum və təşkilatlar var ki, 20–30 ildir hansısa binada oturublar, o binaların yenilənməsi, ərazilərində yaşıllığın salınması və s. nəzərdə tutulur. Özəl sektor da bu işə qoşulmalıdır və qoşulacaq. MTK-ların tikdiyi binalarda daha da gözəl layihələrin verilməsi, şəhərin memarlığına uyğun, estetik cəhətdən töhfələrin verilməsi baş tutacaq. Bu ərazilərdə kiçik parklar, məhəllə parkları çoxalacaq. Eləcə də işğaldan azad olunmuş ərazilərdə yaşıl qəsəbə, yaşıl şəhərlərin daha da çoxaldılması — bunlar hamısı məhz 2026-cı ildə baş tutacaq”.
Memar qeyd edib ki, bu ilin daha bir üstünlüyü olacaq ki, bütün ölkədə fəaliyyət göstərən memar, mühəndis, dizaynerlər, layihəçilər dövlət qurumları ilə əməkdaşlıq edə biləcəklər, öz layihələrini, ideya və təkliflərini təqdim edə biləcəklər: “Məsələ təkcə binalar və parklar deyil. Bakı şəhərində sovet dövründən qalma kanalizasiya sistemi tam yararsızdır. Bunun üçün yeni təkliflər, startaplar olmalıdır. Kanalizasiya sisteminin də küçə-küçə yenilənməsi şəhərsalmanın ayrılmaz hissəsidir. 2026-cı ildə aidiyyəti qurumlar 24 saat iş başında olacaqlar, nəticədə memarlıq və şəhərsalmada on illərdir görmədiyimiz yeniliklər olacaq”.